BVF ABŞ-nin dövlət borcunun 5 il ərzində ÜDM-in 142%-nə çatacağını proqnozlaşdırıb

ABŞ-nin dövlət borcu 2026-cı ilin sonuna ÜDM-in 125,8%-i səviyyəsində olacaq. 2031-ci ilə qədər isə bu göstərici 142,1%-ə yüksələcək. Bu proqnoz Beynəlxalq Valyuta Fondu tərəfindən dərc olunan hesabatda yer alıb.

Hesabatda qeyd olunur: “Yaxın Şərqdəki münaqişə ərzaq və yanacaq qiymətlərinin artması, maliyyə şərtlərinin sərtləşməsi, iqtisadi aktivliyin zəifləməsi və müdafiə xərclərinin artması səbəbilə dövlət maliyyəsinin vəziyyətini daha da pisləşdirə bilər”. BVF-nin qiymətləndirməsinə görə, süni intellektlə bağlı aktivlərin dəyərinin korreksiyası nəticəsində ABŞ fond bazarında mümkün eniş də ölkənin borcuna təsir göstərə bilər.

Mart ayında ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 39 trilyon dolları keçib. Bu, ölkənin hər bir vətəndaşına düşən 114 min dollardan çox deməkdir. ABŞ prezident administrasiyasının qiymətləndirməsinə görə, təkcə İrana qarşı hərbi əməliyyat büdcəyə 12 milyard dollardan çox başa gəlib. “Peter G. Peterson Foundation” isə proqnozlaşdırır ki, oktyabrın sonuna qədər dövlət borcu 40 trilyon dolları ötəcək.

Son xəbərlər
Digər xəbərlər