Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə verdiyi yeni proqnoza əsasən, bu il sözügedən region ölkələrinin Ümumi Daxili Məhsulu (ÜDM) 2,8 faiz azalacaq.
BVF-nin “World Economic Outlook” hesabatında daha sonra bildirilir ki, regionun təkcə neft ixrac edən ölkələrinin iqtisadiyyatları ortalama 3,9 faiz kiçiləcək.
ÜDM-nin ən kəskin azalması isə İran və Əlcəzairdə gözlənilir. BVF-nin proqnozuna görə, kiçilmə müvafiq olaraq, 6 faiz və 5,2 faiz səviyyəsində olacaq.
Hesabatda, həmçinin, vurğulanır ki, Orta Şərq və Mərkəzi Asiya regionunun neft ixracatçıları sırasında ÜDM-i ən az təsirlənən Küveyt, Azərbaycan və Türkmənistan olacaq.
BVF-nin proqnozuna görə, cari il Küveyt və Azərbaycanın iqtisadiyyatı müvafiq olaraq 1,1 faiz və 2,2 faiz azalacaq, Türkmənistan iqtisadiyyatı isə 1,8 faiz artacaq.