19 C
Baku
Sunday, May 19, 2024

BVF: COVID pandemiyası başlayandan bəri dünya iqtisadiyyatı $3.7 trln. itirib

2020-ci ildən 2023-cü ilə qədər qlobal iqtisadi itkilər rekord 3.7 trilyon dollar təşkil edib və pandemiyadan əvvəlki istehsal səviyyəsinə qayıtmağı bacaran yeganə dövlət ABŞ olub. Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva Kot-d’İvuarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqtisadi parçalanma xüsusilə inkişaf etməkdə olan ölkələr üçün qlobal iqtisadi artım perspektivlərini daha da sarsıtmaq təhlükəsi yaradır.

“ABŞ istehsalın pandemiyadan əvvəlki səviyyəyə qayıtdığı yeganə böyük iqtisadiyyatdır. Dünyanın qalan hissəsi tendensiyadan geri qalmaqda davam edir, ən çox əziyyət çəkən isə aşağı gəlirli ölkələrdir. Niyə? Çünki onların iqtisadiyyatlarını bufer etmək və əhalinin ən həssas təbəqələrini dəstəkləmək üçün son dərəcə məhdud imkanları olub”, – Kristalina Georgiyeva əlavə edib.

O, həmçinin vurğulayıb ki, BVF ölkələrə siyasət seçimlərini formalaşdırmaqda və uğurlu inkişaf strategiyalarını həyata keçirməkdə kömək etməkdə “vacib rol oynamalıdır”. Fondun prioritetləri arasında o, inflyasiya ilə mübarizə və maliyyə sabitliyinin təmin edilməsi, idarəetmənin və dövlət potensialının təkmilləşdirilməsi, eləcə də inkişaf etməkdə olan ölkələrdə infrastrukturun inkişafındakı boşluqların doldurulması məsələlərini xüsusi qeyd edib.

Dekabrda BVF özünün əsas mexanizmində fonddan borc almaq üçün ölkələrin kvotalarının ayrılması ilə bağlı razılığa gəlməlidir. İnkişaf etməkdə olan ölkələrin nümayəndələri uzun illərdir ki, hazırda ÜDM-in həcmindən (alıcılıq qabiliyyəti paritetində) və bir sıra əlavə meyarlardan, o cümlədən bazarın açıqlıq dərəcəsi və həcmindən asılı olan kvota düsturuna yenidən baxmağa nail olmağa çalışırlar. Kvota düsturuna yenidən baxılaraq ölkələrin ÜDM-inə uyğun olaraq yenidən bölüşdürülsə, ABŞ kvotası 17.43%-dən 14.8%-ə qədər azalacaq, Çinin kvotası isə hazırkı 6.4%-dən 14.4%-ə yüksələcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər