Beynəlxalq Valyuta Fondu (BVF) ilə Misir hökuməti arasında bu ölkənin iqtisadiyyatına dəstək məqsədilə 3 milyard dollar məbləğində kredit ayrılmasına dair saziş imzalanıb.
Kredit ayrılması ilə bağlı xəbərə paralel olaraq Misir funtu ABŞ dollarına nisbətdə daha 15 faiz ucuzlaşıb. Ümumilikdə isə cari ilin əvvəlindən bu ölkənin milli valyutası 35 faizə yaxın dəyər itirib. Devalvasiya Misirdə inflyasiyanın səviyyəsinin də artmasına səbəb olub.
BVF dərin böhranla üzləşmiş Misirə kredit ayrılmasının əsas şərti kimi milli valyutanın devalvasiyasını tələb edib. Beynəlxalq kredit reytinq agentliyi “Moody’s”in məlumatına görə, Misir xarici borcunu ödəyə bilməmək riski daşıyan ilk beş ölkədən biridir.