20 C
Baku
Tuesday, October 28, 2025

BVF-nin reytinqi: 2026-cı ildə dünyanın ən böyük iqtisadiyyatları

Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatına əsasən, 2026-cı ildə qlobal iqtisadiyyat ehtiyatlı artım və artan qeyri-müəyyənlik dövrünə qədəm qoyacaq.

Qurum qeyd edib ki, dünyada iqtisadi inkişafın tempi zəifləyir. Bunun əsas səbəbləri kimi iqtisadiyyatın fraqmentlərə parçalanmasının dərinləşməsi və proteksionizmin artması göstərilir. Əsas risklər arasında texnologiya şirkətlərinin səhmlərinin mümkün dəyərdən artıq qiymətləndirilməsi və dövlət institutlarının müstəqilliyinin zəifləməsi də yer alır ki, bu da iqtisadi siyasətin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Reytinq cari ABŞ dolları kursu ilə hesablanan nominal ÜDM göstəricilərini nəzərə alaraq hər bir iqtisadiyyatın nisbi çəkisini əks etdirir.

ABŞ dünyanın ən böyük iqtisadiyyatı olaraq qalır. Artıq yüz ildən çoxdur ki, bu ölkə qlobal ÜDM reytinqində birinci yeri tutur və görünür, qarşıdakı onilliklərdə də liderliyini qoruyacaq. BVF-nin hesablamalarına görə, 2026-cı ildə ABŞ iqtisadiyyatının həcmi 31,8 trilyon dollara çatacaq ki, bu da Çin (2-ci yer), Almaniya (3-cü yer) və Hindistanın (4-cü yer) ümumi ÜDM məbləğinə bərabərdir.

Çin 20,7 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə ikinci yeri saxlayacaq. Bu, ABŞ-dan 35 faiz az olsa da, üçüncü yerdəki Almaniyanın göstəricisindən təxminən üç dəfə çoxdur. Bununla belə, Çin iqtisadiyyatı struktur məhdudiyyətlərlə üzləşir: əhalinin qocalması, daşınmaz əmlak bazarının zəifləməsi və ixrac tariflərinin artması. Bütün bunlar ÜDM artımını son 40 ilin minimum səviyyəsi – ildə təqribən 4 faizə qədər yavaşlada bilər.

Hindistan (4,5 trilyon dollar) daxili tələbat hesabına Yaponiyanı geridə qoyaraq dördüncü mövqeyini möhkəmləndirəcək. Siyahıda, həmçinin İndoneziya və Türkiyə də irəliləyir ki, bu da demoqrafik üstünlükləri və orta inkişaf səviyyəli iqtisadiyyatlarda aparılan islahatları əks etdirir.

BVF-nin məlumatına əsasən, Rusiya 2,5 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə siyahıda doqquzuncu yeri tutacaq.

Asiya dünyanın ən böyük iqtisadi regionuna çevriləcək. Çin, Yaponiya və Hindistanın hesabına Asiya ilk dəfə olaraq ümumi ÜDM həcminə görə Şimali Amerikadan irəli keçəcək. Üçüncü yerdə Avropa qərarlaşacaq, onun ardınca Yaxın Şərq, Cənubi Amerika, Afrika və nəhayət, Okeaniya gələcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər