32 C
Baku
Thursday, June 13, 2024

BVF: “Ukraynadakı müharibə Azərbaycana yük daşımalarının və pul köçürmələrinin artmasına səbəb olub”

Ukraynada müharibənin davam etməsi Rusiyaya qarşı sanksiyaların artmasına və ya geosiyasi ittifaqların dəyişməsinə gətirib çıxaracaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yeni hesabatında deyilir.

Hesabata görə, Qafqaz və Mərkəzi Asiya (CCA) regionu ilə Rusiya arasında iqtisadi əlaqələr təzyiq altında qala və bu, regionun iqtisadiyyatı üçün mümkün mənfi fəsadlara səbəb ola bilər.

“Regionun ticarət, pul köçürmələri və maliyyə baxımından Rusiya ilə güclü əlaqələrinə baxmayaraq, bu günə qədər müharibənin CCA regionuna mənfi təsiri gözləniləndən daha yumşaq olub. Bu, böyük ölçüdə Rusiyanın iqtisadi artımının qısamüddətli davamlılığını, gözlənilməz pul köçürmələrini və sanksiyaların ikinci dalğasının qarşısının alınmasına yönəlmiş siyasi addımları əks etdirir. Bundan əlavə, ticarət yolları açıq qalmaqdadır, maliyyə axınları davam edir (sanksiyalara məruz qalmayan bir çox Rusiya banklarının fəaliyyətini əks etdirir) və mövcud razılaşmalar (məsələn, Avrasiya Gömrük İttifaqına üzvlük və uzunmüddətli qaz müqavilələri) ərzaq və enerji qiymətlərinin artmasının təsirini yumşaltmağa kömək edir”, – IMF hesab edir.

Valyuta Fondunun iqtisadçıları hesab edir ki, neft ixracatçıları qiymətlərn yüksək olmasından dəstək alsalar da, yüksək tezlikli göstəricilər regionun neft idxal edən ölkələrdə də pandemiyadan sonra bərpa prosesinin davam etdiyini göstərir: “Mövcud məlumatlar biznes müəssisələrinin və fiziki şəxslərin Rusiyanı gözlənilmədən tərk etməsni ciddi rol oynamadığını göstərir. Son aylarda CCA-nın bir neçə ölkəsinə (birinci yarımillikdə Ermənistana – 1,5 milyard ABŞ dolları, Azərbaycana – 1,6 milyard ABŞ dolları, Gürcüstana – 1,7 milyard ABŞ dolları, Özbəkistana – 2,2 milyard ABŞ dolları) pul köçürmələri əhəmiyyətli dərəcədə artıb. Belə köçürmələri müntəzəm pul köçürmələri axını ilə izah etmək olmaz. Bu köçürmələr kapitalın hərəkətindən xəbər verə bilər. Bura, geri qayıdan əcnəbilərdən daxil olan kapital da daxildir. Bu axınlar Ermənistan, Gürcüstan, Qırğız Respublikası və Tacikistanda ABŞ dollarına nisbətdə müharibədən sonrakı ilkin itkiləri kompensasiya etməklə bank depozitlərinin və yerli valyutaların artmasına kömək edib”.

IMF hesab edir ki, bu təsir Rusiyadan gələnlərin sayının əhəmiyyətli dərəcədə artdığı Ermənistanda (2021-ci ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin birinci rübündə 200 % və pandemiyadan əvvəlki səviyyə ilə müqayisədə 50 % artım) özünü xüsusilə büruzə verir. 2021-ci illə müqayisədə Rusiyadan Gürcüstana gələnlərin sayı artıb, lakin bu rəqəm 2018-2019-cu illərlə müqayisədə hələ də aşağıdır. Bununla belə, Belarusdan və Qazaxıstandan gələnlərin sayı da əhəmiyyətli dərəcədə artıb (2022-ci ilin birinci yarısında pandemiyadan əvvəlki eyni dövrlə müqayisədə müvafiq olaraq 114 % və 36 % artım), bu da müntəzəm Gürcüstana birbaşa uçuşların olmadığı şəraitdə əhalinin Rusiyadan köçməsini əks etdirə bilər.

“Bu köçmələrin müvəqqəti və ya daha davamlı olacağı hələ də məlum deyil. Ev sahibi ölkələr qısamüddətli istehlak artımından qazansalar da, ortamüddətli təsir barədə əminliklə danışmaq olmur. Bu yerdəyişmələrin yeni müəssisələrin sayının geniş miqyasda artmasına gətirib çıxaracağı hələ aydın deyil”, – Valyuta Fondunun analitikləri bildiriblər.

Onların fikrincə, əhəmiyyətli qeyri-müəyyənliklərlə dolu Ukrayna müharibəsi çoxölçülü risk olaraq qalacaq, həmçinin aktiv və çevik siyasət tədbirləri tələb edəcək: “İnflyasiya, ərzaq təhlükəsizliyi və xarici maliyyələşdirmə ilə bağlı kənar risklər çox böyükdür”.

Hesabata görə, aprel ayındakı son proqnoz ilə müqayisədə 2022-ci il üçün CCA regionunda iqtisadi artım 1,2 faiz bəndi artırılaraq cari il üçün 3,8 %-ə çatdırılıb, 2023-cü ildə isə real ÜDM-in 4 % artımı gözlənilir. Bu il Qafqaz və Mərkəzi Asiyanın neft və qaz ixracatçılarının real ÜDM-nin artımı proqnozu 2,6 %, 2023-cü ildə isə 3,8 % səviyyəsində müəyyən edilib. Eyni zamanda, bu ölkələrdə qeyri-neft ÜDM-in artımı müvafiq olaraq 3,5 % və 3,2 % səviyyəsində proqnozlaşdırılır.

BVF bu artımı dörd amillə əlaqələndirir:

– Rusiyada ÜDM-in real artımı üzrə proqnoza artıma doğru yenidən baxılması (aprel ayı ilə müqayisədə 5,1 faiz bəndi);

– Rusiyadan işçi və şirkətlərin köçü kimi gözlənilməz axınların və pul köçürmələrinin (kapital və gəlir) Ermənistan, Azərbaycan, Gürcüstan və Özbəkistanda istehlaka təkan verməsi;

– Rubl ilə ticarət hesablaşmalarının (Ermənistan) və alternativ ticarət marşrutları, xüsusən də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Azərbaycan və Gürcüstan ərazisindən yükdaşımaların artması ilə dəstəklənən davamlı ticarət;

– Qazaxıstan və Tacikistanda fiskal stimullar.

CCA regionunda inflyasiya 2022-ci ildə 12,9 % və 2023-cü ildə 10,5 %, neft və qaz ixracatçıları üçün istehlak qiymətlərinin artımı isə müvafiq olaraq 14,1 % və 11,1 % səviyyəsində proqnozlaşdırılır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər