İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda səfərdə olan nümayəndə heyətini qəbul edib.
Mərkəzdən verilən məlumata görə, görüş zamanı fiskal sektorda institusional, hüquqi və iqtisadi islahatların aparılması ilə yanaşı ölkədə makroiqtisadi vəziyyət, həyata keçirilən iqtisadi islahatlardan danışılıb. Həmçinin görüşdə fiskal qaydalar, eləcə də Azərbaycanda fiskal qaydaların tətbiq edilməsi perspektivləri ilə əlaqədar müzakirə aparılıb.
Bundan əlavə, müstəqil fiskal institutun qurulması və beynəlxalq təcrübədə bu növ instituta həvalə edilmiş funksiyaların həyata keçirilməsi, Azərbaycan fiskal sektorunun institusional inkişafına verəcəyi töhfə barədə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Beynəlxalq Valyuta Fondunun GFSM 2014 standartlarına uyğun dövlət maliyyə statistikasının aparılmasının rolu vurğulanıb və Azərbaycanda bu standartların tətbiq edilməsinin zəruri olduğu qeyd edilib.
Görüşdə iştirak edən Renaud Dupley, Rene Tapsoba, Rolando Ossorvcki, Pauli Medas və Çon Zohrab eyni zamanda BVF-nin Azərbaycanla əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparıb.