“Sarda Group”a məxsus, Çinin BYD avtomobil brendinin Azərbaycandakı rəsmi distribütoru “Electrify Azerbaijan” MMC-nin konsolidə olunmuş satış gəlirləri 2025-ci ildə 14,8% azalaraq 87,8 milyon manatdan 74,8 milyon manata düşüb.
Banker.az xəbər verir ki, şirkətin xalis mənfəəti eyni dövrdə 449,6 min manatdan 4,8 milyon manata yüksəlib. Bu, illik müqayisədə 970,4% artım deməkdir. 2025-ci ilin sonunda qrupun bölüşdürülməmiş mənfəəti 5,1 milyon manat təşkil edib.
Satışın maya dəyəri 2025-ci ildə 21,1% azalaraq 86,4 milyon manatdan 68,1 milyon manata düşüb. Nəticədə ümumi mənfəət 383,4% artaraq 1,4 milyon manatdan 6,6 milyon manata, əməliyyat mənfəəti isə 483,9% artaraq 900,1 min manatdan 5,3 milyon manata yüksəlib. İnzibati xərclər 226,5% artaraq 411,5 min manatdan 1,3 milyon manata çatıb. Maliyyə xərcləri isə 27,2% azalaraq 450,5 min manatdan 327,8 min manata düşüb.
“Electrify Azerbaijan”ın birləşdirilmiş aktivləri ilin sonunda 122,6 milyon manat təşkil edib ki, bu da illik 2 536,5% artımdır. Öhdəliklər 2 582,6% artaraq 117,5 milyon manata, kapital isə 1 786,7% artaraq 5,1 milyon manata çatıb. Ehtiyatların həcmi 4 466,5% artaraq 53,2 milyon manata, debitor borcları 680,1% artaraq 7,7 milyon manata, pul vəsaitləri isə 2 510,4% artaraq 60,1 milyon manata yüksəlib. Kreditor borcları 3,9 milyon manatdan 114,9 milyon manata çataraq 2 868,6% artıb.
Qrupun qısamüddətli öhdəlikləri 2025-ci ilin sonunda 115,4 milyon manat olub və bir ildə 2 882,1% artıb. Uzunmüddətli öhdəliklər 314,3% artaraq 2,1 milyon manata, uzunmüddətli borclanmalar isə 299,4% artaraq 2 milyon manata çatıb. Şirkətin əsas vəsaitləri 758,2% artaraq 1,5 milyon manat, qeyri-maddi aktivləri isə 29,8% artaraq 32,1 min manat olub. Əməliyyat fəaliyyətindən yaranan xalis pul axını 1 169% artaraq 57,3 milyon manata yüksəlib, investisiya fəaliyyətinə yönələn xalis pul çıxışı isə 81,2 min manatdan 1,4 milyon manata çatıb.
“Electrify Azerbaijan” elektrik avtobuslarına texniki xidmət, elektrik avtomobilləri üçün enerji doldurma stansiyalarının idarə edilməsi, tətbiq platformalarının hazırlanması və elektrik kommersiya avtomobillərinin satışı ilə məşğuldur. Konsolidə edilmiş hesabata “Azerbaijan Energy Automotive Factory” MMC də daxildir. Bu şirkətin əsas fəaliyyəti elektrik nəqliyyat vasitələrinin, xüsusilə elektrik avtobuslarının istehsalı və yığılmasıdır. “Electrify Azerbaijan” 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 manatdır. Şirkət “SARDA Group”a məxsusdur.







