Çinin “ByteDance” şirkəti “TikTok” tətbiqinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı ABŞ-ın Apelyasiya Məhkəməsinə müraciət edib.
- Banke.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “TikTok”un sosial şəbəkələrdə yayımladığı açıqlamada deyilir.
Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp 14 avqust tarixində “ByteDance” şirkətinə “TikTok”un Amerikadakı biznesini satmağı əmr edən sərəncama imza atıb. Şirkət ABŞ Xarici İnvestisiya Komitəsinin nümayəndələri ilə dəfələrlə əlaqə saxlayaraq, istifadəçilərin məlumatlarının məxfiliyi və təhlükəsizlik problemlərini həll etmək üçün müxtəlif variantlar təklif etsə də, heç bir nəticə əldə edə bilməyib.
Çin şirkəti bütün bunlara baxmayaraq, ABŞ rəsmiləri ilə qarşılıqlı əlaqələrə arxalandığını və Xarici İnvestisiya Komitəsi ilə birgə çalışmağa davam etdiyini vurğulayıb. Verilən məlumata görə, “ByteDance” bununla bağlı artıq Kolumbiyanın Apelyasiya Məhkəməsinə müraciət göndərib. Müraciətdə prezident Tramp, baş prokuror Uilyam Barr, maliyyə naziri Stiven Mnuçin və ABŞ Xarici İnvestisiya Komitəsinin adı çəkilir.