“TikTok”un sahibi olan Çin şirkəti “ByteDance” süni intellektə (Sİ) yatırımlarını 23 milyard ABŞ dollarınadək artırmağı planlaşdırır. Bu barədə mənbələrə istinadən “Financial Times” (FT) qəzeti məlumat verib. Qeyd edək ki, bu məbləğ cari ildə yatırılan vəsaitdən 6,5% çoxdur.
Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, vəsaitin təxminən yarısının Sİ üçün qabaqcıl prosessorların alınmasına yönəldilməsi nəzərdə tutulur. “ByteDance” və digər Çin texnologiya nəhəngləri üçün əsas problem ABŞ-nin ixrac məhdudiyyətləri səbəbindən “Nvidia” çiplərinə çıxışın məhdud olmasıdır. Mənbələr qeyd edirlər ki, əgər Çindəki müştərilər üçün “təsdiqlənmiş” daha az güclü “Nvidia H200” çipinin satışına icazə verilərsə, “ByteDance” bu cür 20 min prosessor üçün sınaq sifarişi verməyə hazırdır. Çiplərə maneəsiz çıxış olacağı təqdirdə, şirkətin 2026-cı ildə xərcləri daha da arta bilər.
FT vurğulayır ki, böyük xərclərə baxmayaraq, “ByteDance”in investisiyaları hələ də ABŞ-nin ən iri texnologiya şirkətlərinin — “Microsoft”, “Alphabet”, “Amazon” və “Meta”nın xərclərindən geri qalır. 2025-ci ildə Amerika şirkətləri birlikdə məlumat emalı mərkəzlərinə 300 milyard dollardan çox vəsait yatırıb.








