“TikTok”un sahibi olan Çin şirkəti “ByteDance” platformanın ABŞ-dəkı biznesinin idarə olunması üçün birgə müəssisənin yaradılması məqsədilə üç iri investorla saziş imzaladığını təsdiqləyib. Bu barədə daha əvvəl mənbələrə istinadən “Axios” xəbər vermişdi.
“TikTok”un baş icraçı direktoru Şou Tsı Çunun daxili qeydinə əsasən, sövdələşmə “illərlə davam edən qeyri-müəyyənliyə son qoymalı” və tətbiqin ABŞ-də fəaliyyətini davam etdirməsinə imkan verməlidir.
Razılaşmaya görə, investorlar (“Oracle”, “Silver Lake” və Abu-Dabidə yerləşən MGX) yeni yaradılan “TikTok USDS Joint Venture LLC” birgə müəssisəsinin səhmlərinin 80,1%-nə sahib olacaq, “ByteDance” isə 19,9% payını saxlayacaq. Yeni struktur müstəqil təşkilat kimi fəaliyyət göstərəcək və ABŞ-də istifadəçi məlumatlarının qorunmasına, alqoritmlərin təhlükəsizliyinə və kontent moderasiyasına cavabdeh olacaq.
Sövdələşmənin prinsipləri üzrə Çin və ABŞ sentyabr ayında razılığa gəliblər. 2020-ci ildən etibarən ABŞ hakimiyyət orqanları “ByteDance”dən bölmənin satılmasını tələb edirdi, 2024-cü ildə isə Konqres bu tələbin yerinə yetirilməməsi halında tətbiqin qadağan olunmasını nəzərdə tutan qanun qəbul edib.







