“TikTok”un ana şirkəti olan “ByteDance”nin dəyəri səhm paketinin satışından sonra 480 milyard dollara çatıb, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, şirkətdə əhəmiyyətli paya sahib olan “Bank of China” səhmlərini “Capital Today”ə satıb.
Vençur kapitalist Keti Süyün rəhbərlik etdiyi “Capital Today” səhm paketi üçün təxminən 300 milyon dollar ödəyib. “Capital Today”, “ByteDance” və “Bank of China” nümayəndələri agentliyin şərh sorğusuna cavab verməyiblər.
Hərracdakı aqressiv rəqabət “ByteDance”nin səhm paketinin Çin bankı tərəfindən satılmasının nadir imkan olması ilə izah edilir. Bu, şirkətin mövcud səhmlərinin əhəmiyyətli hissəsini əldə etmək üçün unikal şansdır, mənbə bildirir. Agentlik yazır ki, bu alqı-satqı 2025-ci ildə “ByteDance”nin ən iri ikinci dərəcəli səhmlər sövdələşmələrindən biri olub.
Hazırda dünyanın ən bahalı özəl şirkəti “OpenAI”dir: onun qiymətləndirilməsi 500 milyard dollara çatır. İlk üçlükdə “ByteDance” ilə yanaşı, təxminən 400 milyard dollar dəyərində qiymətləndirilən İlon Maskın “SpaceX” şirkəti də yer alır.







