10 C
Baku
Thursday, December 26, 2024

Cənubi Koreya Prezidenti Si Cinpindən Şimali Koreya məsələsində daha aktiv olmağı xahiş edib

Koreya Respublikasının Prezidenti Yun Sok Yol Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpindən Şimali Koreyanın nüvə-raket fəaliyyəti məsələsində daha aktiv və konstruktiv rol oynamağı xahiş edib.

Dövlət başçısı Yun Sok Yol İndoneziyanın Bali adasında “Böyük iyirmilik” (“G20”) qrupunun zirvə görüşü çərçivəsində çinli həmkarı ilə ikitərəfli görüşündə xahişini dilə gətirib.

“Prezident Yun görüşdə son təxribatlar fonunda Pxenyanın nüvə-raket təhdidlərinin çoxaldığını, Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və qonşu dövlət kimi bu məsələdə daha fəal və konstruktiv rol oynaya biləcəyini bildirib”,- deyə ofisin açıqlamasında qeyd olunur. Bildirilir ki, ÇXR Sədri Si Cinpin də Pekin və Seulun Koreya yarımadası məsələsində ortaq maraqlarının olduğunu, yarımadada sülhün təminatına ehtiyac duyulduğunu vurğulayıb. Çin lideri Prezident Yun Sok Yolun nüvə silahı fəaliyyətinin ləğvi əvəzində Şimali Koreyaya geniş iqtisadi dəstəyə əsaslanan planını dəstəklədiyini deyib.

Tərəflər regional sülh və sabitlik məsələlərindən başqa, iqlim dəyişikliyi və enerji də daxil olmaqla qlobal mövzuları da müzakirə edib.

Qeyd edək ki, bu, Yun Sok Yolun dövlət başçısı vəzifəsində ÇXR Sədri Si Cinpin ilə ilk görüşüdür. Çin və Cənubi Koreyanın dövlət başçıları arasında bundan əvvəlki sonuncu görüş 2019-cu ilin dekabrında Pekində Çin-Cənubi Koreya-Yaponiya zirvə görüşündə olub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər