13 C
Baku
Friday, November 22, 2024

Cəbrayılda alkoqolsuz içkilərin istehsalı kompleksinə ilkin mərhələdə 35 milyon manat investisiya qoyulacaq

Cəbrayıl şəhərində qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyi müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək.

Bunu jurnalistlərə açıqlamasında “Azərsun Holding”in nümayəndəsi Yalçın Xəlilov deyib.

Onun sözlərinə görə, kompleksdə birinci mərhələdə qazlı və qazsız su, ikinci mərhələdə limonadlar, soyuq çay, soyuq qəhvə və təbii meyvə şirələrinin istehsalı nəzərdə tutulub.

“Kompleks ölkəmizdən valyuta axınının qarşısının alınmasına töhfə verəcək. Kompleksdə alternativ enerji üsullarının istifadəsi, parklanmada elektromobillərdən istifadə, tullantıların minimum aşağı səviyyəyə endirilməsi təmin olunacaq. Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra kompleksdə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur. Kompleksimizin ilkin mərhələdə istifadəyə verilməsi üçün 35 milyon manat investisiya nəzərdə tutulub”, – deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holding” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub.

Mənbətrend
Son xəbərlər
Digər xəbərlər