Cəmlənmiş uçotla işləyən işçiyə əvvəlki aylarda aylıq normadan çox işlədiyi saatlara görə ödəniş olunarkən 1 saata düşən əməkhaqqı necə hesablanmalıdır?
Banker.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, bu barədə əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.
Əmək Məcəlləsinin 102-ci maddəsinə əsasən, iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.
İş vaxtının cəmlənmiş uçotu qaydasında çalışan işçiyə seçilmiş qeydiyyat dövrünün sonunda qeydiyyat dövründəki normadan artıq çalışılmış saatlara görə əməkhaqqı isə Əmək Məcəlləsinin 165-ci maddəsinin birinci bəndində nəzərdə tutulmuş formada ödənilir. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqının ödənilməsi bu qayda çərçivəsində həyata keçirilir:
– əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
– əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Bu halda sual yaranır: 1 saata düşən əməkhaqqını tapmaq üçün əməkhaqqı ödəniş olunan ayın normasına, yoxsa illik normaya bölünməlidir?
Misal: Cəmlənmiş uçotla işləyən və yanvar-iyul aylarından 50 saat artıq saatı yığılmış işçi 31 avqust 2023 tarixində işdən çıxır. Hər ay aylıq normadan artıq işləmiş və müqavilədə göstərilən əməkhaqqını almış işçinin müqavilə üzrə aylıq əməkhaqqı 500 manatdırsa, artıq işlədiyi 50 saata görə ona nə qədər ödəniş hesablanacaq?
Qeyd edək ki, iş vaxtının cəmlənmiş uçotu qaydasında yuxarıdakı nümunəyə uyğun çalışan işçinin əlavə iş saatlarına görə əməkhaqqını tapmaq üçün işlənmiş aylar üzrə tarif maaşını işlənmiş ayların istehsalat normasına bölərək bir saata düşən əməkhaqqını tapmaq lazımdır.
Aylar | Faktiki işlənmiş saatlar | Aylıq iş vaxtı norması | Fərq | Aylıq tarif maaşı | Aylıq ödənilmiş |
Yanvar | 150 | 143 | 7 | 500 | 500 |
Fevral | 166 | 160 | 6 | 500 | 500 |
Mart | 146 | 135 | 11 | 500 | 500 |
Aprel | 150 | 143 | 7 | 500 | 500 |
May | 170 | 167 | 3 | 500 | 500 |
İyun | 150 | 142 | 8 | 500 | 500 |
İyul | 170 | 168 | 2 | 500 | 500 |
Avqust | 190 | 184 | 6 | 500 | 500 |
1.292 | 1.242 | 50 | 4.000 | 4.000 |
4.000:1.242 = 3,22 manat.
Deməli, bir saata düşən əməkhaqqı 3,22 manat olacaq.
İşçi 50 saat artıq çalışdığı üçün artıq işlənmiş saatlara görə əməkhaqqı aşağıdakı formada hesablanacaq:
50 x 3,22 = 161 manat;
161 x 2 = 322 manat.
Deməli, yuxarıdakı nümunəyə uyğun çalışan işçiyə iş vaxtından artıq çalışan işçiyə əlavə 50 saata görə 322 manat əlavə əməkhaqqı ödəniləcək.