Çilinin paytaxtı Santyaqoda keçirilən sammitdə Cənubi Amerika dövlətlərinin yeni bloku yaradılıb. “The Rio Times” qəzeti xəbər verir ki, Prosur adlanan yeni blok Cənubi Amerika Dövlətləri Birliyini (Unasur) əvəz edəcək.
Argentina, Çili, Braziliya, Paraqvay, Peru, Uruqvay, Kolumbiya, Ekvador, Boliviya, Surinam və Qayananın dövlət başçılarının sammitinin yekun Bəyannaməsində deyilir ki, yeni blokun yaradılmasında əsas məqsəd Cənubi Amerika ölkələri arasında əməkdaşlığın, xüsusən iqtisadi əlaqələrin gücləndirilməsidir. Braziliya Prezidenti Jair Bolsonaru jurnalistlərə müsahibəsində deyib ki, hazırda mühüm olan məsələ hər hansı ideologiyadan uzaq olan ümumi inkişaf hədəflərinə nail olmaqdır. Çilinin Prezidenti Sebastyan Pinera isə əlavə edib ki, blok ideoloji konsepsiyalardan və bürokratik əngəllərdən kənarda olan iqtisadi inteqrasiya problemlərinin həllini həyata keçirəcək.
Səkkiz dövlətin (Uruqvay, Boliviya və Surinam istisna olmaqla) liderləri Santyaqo Bəyannaməsini imzalayıblar. Sənəddə ölkələr arasında energetika, infrastruktur, səhiyyə, müdafiə, təhlükəsizlik, cinayətkarlığa qarşı mübarizə, təbii fəlakətlərin qarşısının alınması və idarəetmə sahələrində əməkdaşlığın inkişafı nəzərdə tutulur.