Cənubi Koreya Azərbaycandan dəmir və aluminium, eləcə də metal məmulatlarının idxalında maraqlıdır.
Bunu Cənubi Koreyanın İdxalçılar Assosiasiyasının sədri Kim Byunq Kvan Azərbaycana alıcı missiyası çərçivəsində təşkil edilmiş tədbirdə bildirib.
“Cənubi Koreya ən böyük idxalçı ölkələrdəndir. Azərbaycan məhsulları bu bazara daxil ola bilər. Bu ölkə zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Cənubi Koreyaya həmçinin ət və süd məhsulları, içki ixrac edə bilər. Bizim bu məhsullara marağımız var. Bununla yanaşı, Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməkdə, Azərbaycan məhsullarının Cənubi Koreyada tanıtımı üçün səfərlərin təşkil olunmasında maraqlıyıq”, – deyə o qeyd edib.
Cənubi Koreya rəsmisi vurğulayıb ki, Rusiya-Ukayna müharibəsi dünyada ərzaq zəncirinə mənfi təsir göstərib: “Buna baxmayaraq biz ölkəmizdə sabit artımı davam etdirməliyik” “Azəbaycanla Cənubi Koreya arasında ticarət dövriyyəsinin dəyəri azdır. Bunun səbəbi ölkələrin fərqli coğrafiyada yerləşməsidir. Bu ilin yay aylarında Cənubi Koreyada sərgi keçiriləcək. Azərbaycan şirkətləri bu sərgidə iştirak edərək yerli bazara daxil ola bilərlər”.