Pirşağıda çirkab su təmizləyici qurğusu tikiləcək.
Bu gün Azərbaycan və Cənubi Koreya hökumətləri arasında kredit sazişi imzalanıb.
Maliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Koreyanın Azərbaycandakı səfiri Çoy Sukin imzaladığı saziş “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu” layihəsinin tikintisi üçün Koreya “EximBank”ının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan 43,5 mln. ABŞ dolları həcmində kreditin alınmasını nəzərdə tutur.
Bildirilir ki, Pirşağı Çirkab Su Təmizləyici Qurğusunun tikintisi ilə təmizlənmiş su kənd təsərrüfatı irriqasiyası üçün yenidən istifadə olunacaq.
İmzalanma mərasimində Azərbaycan və Koreya arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyi qeyd olunub, iqtisadi, mədəni, neft-kimya, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanıb.
Oxu.az