Cənubi Koreya Yaxın Şərqdə gərginliyin artması fonunda strateji ehtiyatlarından 22,46 milyon barel neft buraxmaq qərarına gəlib. Bu barədə ölkənin maliyyə və ticarət nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, bu həcm Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv ölkələrin bazara çıxarmağa razılaşdıqları 400 milyon barel neftin 5,6%-ni təşkil edir.
Ehtiyatlardan buraxılacaq 22,4 milyon barel neft Cənubi Koreya tarixində altıncı və ən böyük belə addım olacaq. 1990–1991-ci illərdə Fars körfəzi müharibəsi zamanı ölkə ehtiyatlarından 4,9 milyon barel, 2022-ci ildə isə 11,6 milyon barel neft buraxılmışdı. Bundan başqa, 2005-ci ildə ABŞ-da “Katrina” qasırğasından sonra və 2011-ci ildə Liviyada vətəndaş müharibəsi zamanı da ehtiyatlardan neft buraxılmışdı.
BEA-ya üzv ölkələr, o cümlədən Cənubi Koreya, 11 martda ehtiyatlardan neft buraxılması barədə razılığa gəliblər. Həmin gün G7 ölkələrinin energetika nazirləri də BEA ilə koordinasiyada neft qiymətlərinin artımına qarşı mübarizə aparmaq üçün bütün zəruri tədbirləri görməyə hazır olduqlarını bildiriblər.
Neft qiymətləri ABŞ və İsrailin hərbi əməliyyatlarına cavab olaraq İranın Hörmüz boğazında tanker hərəkətini məhdudlaşdırması səbəbindən kəskin artmağa başlayıb. Bu gün Brent markalı neftin fyuçerslərinin qiyməti yenidən barel üçün 100 dollardan yuxarı qalxıb.





