Cənubi Koreya Mərkəzi Bankı (Mərkəzi Bank) artan inflyasiyanın və ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərt pul siyasətinin təsiri ilə faiz dərəcələrini 50 baza bəndi artırmağa davam edib. Bazarlarda proqnoz da məhz bu yöndə idi.
Banker.az xəbər verir ki, Mərkəzi Bankdan verilən açıqlamaya görə, uçot faiz dərəcəsi 2.5%-dən 3%-ə yüksəldilib. Açıqlamada bildirilib ki, FED-in gözləniləndən də sürətli və yüksək artım tempinə cavab vermək və inflyasiyadakı artımı cilovlamaq məqsədilə bu səviyyədə artıma qərar verilib.
Mərkəzi Bankın İdarə Heyəti bəyan edib ki, inflyasiyanın yüksək olduğu indiki şəraitdə bütövlükdə iqtisadiyyatın daha böyük itkiyə məruz qalmaması və qiymət sabitliyi üçün faiz dərəcəsinin artırılması hələ bir də müddət lazım ola bilər: “Cənubi Koreya Mərkəzi Bankı iqtisadiyyatı ən qısa zamanda sabitləşdirmək üçün əlindən gələni edəcək”, – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Cənubi Koreyada ən son illik inflyasiya 5.6%, baza inflyasiyası isə 4.1% təşkil edib. Bankın inflyasiya hədəfi 2%-dir.