7 C
Baku
Tuesday, February 3, 2026

Cənubi Koreya vergi səbəbindən milyonçularını itirir

Cənubi Koreya dünyanın ən sərvətli insanlarının ən böyük miqrasiyasına məruz qalan ölkələrdən birinə çevrilib ki, bunun da bir səbəbi sərt miras vergisi sistemidir.

Britaniyalı məsləhət şirkəti olan “Henley & Partners”in çərşənbə günü açıqladığı yeni təhlilə görə, keçən il Cənubi Koreyadan xalis milyonçuların miqrasiyası 2400 nəfər təşkil edib ki, bu da 2024-cü ildə qeydə alınan 1200 nəfərdən iki dəfə çoxdur. “South China Morning Post” nəşrinin məlumatına görə, bu göstərici Böyük Britaniya, Çin və Hindistandan sonra dünyada dördüncü yerdədir.

Koreya Ticarət və Sənaye Palatasının (KCCI) nümayəndəsi bildirib ki, kapital miqrasiyasının sürətlənməsinin əsas səbəbi Koreyada 60 faizə çatan yüksək miras vergisi dərəcəsi ola bilər.

Milli Məclisin dünyanın ən yüksək miras vergisi dərəcəsini azaltmaq barədə qanun layihəsinin müzakirəsini dayandırması ilə əlaqədar biznes assosiasiyası proqnozlaşdırır ki, 2072-ci ilə qədər Cənubi Koreyanın miras vergisindən gəlirləri 2024-cü ildəki 9,6 trilyon von ilə müqayisədə 35,8 trilyon von (25 milyard dollar) təşkil edə bilər.

Bu proqnoz miras vergisinə tabe olan şəxslərin sayının davamlı artması ilə bağlıdır. Artım bir neçə dəfə qanunvericilikdə dəyişikliklərin təxirə salınması və yaşlı yaşda vəfat edən insanların sayının çoxalması nəticəsində baş verir.

Koreya Ticarət və Sənaye Palatası hökuməti böyük şirkətlərin varislərinə miras vergisini 20 il müddətinə hissə-hissə ödəməyə icazə verməyə çağırıb. Hal-hazırda bu güzəşt yalnız kiçik və orta müəssisələrin varislərinə şamil edilir. Fərdi şəxslərdən və ya konsorsium sahiblərindən aktivləri miras alanlar isə vergini tam olaraq 10 il ərzində ödəməlidirlər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər