1 C
Baku
Saturday, December 14, 2024

Cənubi Koreyada fövqəladə demoqrafik vəziyyət elan edilib

Cənubi Koreya Prezidenti Yun Sok Yol doğum səviyyəsinin aşağı düşməsi fonunda ölkədə fövqəladə demoqrafik vəziyyət yarandığını elan edib.

Dövlət başçısı bu barədə demoqrafik vəziyyətlə əlaqədar prezident komitəsinin iclasında danışıb. O, doğum səviyyəsinin azalması və əhalinin yaşlanması tendensiyasının müsbətə doğru dəyişməyəcəyi halda Cənubi Koreya əhalisinin “yox ola biləcəyi” barədə xəbərdarlıq edib.

“Bu gün ölkədə fövqəladə demoqrafik vəziyyəti rəsmən elan edirəm. Aşağı doğum səviyyəsi problemi həll olunana qədər milli hərtərəfli cavab tədbirləri sistemini işə salırıq”, – deyən Prezident bildirib ki, hökumət 3 istiqamətə – balanslı iş və həyat şəraitinin təmin olunmasına, uşaqlara qayğının yüksəldilməsinə, əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasına diqqəti artıracaq.

Qeyd edək ki, 51 milyon əhalisi olan Cənubi Koreyada doğum əmsalı (hər qadının dünyaya gətirdiyi uşaq sayı) ötən il tarixi minimuma (0,7 uşaq) enib. Bu rəqəm əhalinin sayının sabit qalması üçün lazım olan 2,1 uşaqdan xeyli azdır. Hökumət bir neçə ildir ki, ailələrin daha çox uşaq dünyaya gətirməsini təşviq edən addımlar atsa da, bir çox amil, o cümlədən ev qiymətlərinin və təhsil xərclərinin yüksək olması, karyera məsələləri gəncləri ailə qurmaqdan və uşaq dünyaya gətirməkdən çəkindirir.

Ötən il ölkədə doğulan uşaqların sayı əvvəlki ilə nisbətən 7,7 faiz azalaraq və 229 min 970 nəfər səviyyəsinə düşərək rekord göstəriciyə çatıb. Asiyanın 4-cü böyük iqtisadiyyatı olan Cənubi Koreyada son illərin mənfi tendensiyalarından biri də tənhaların, başqa sözlə, bir nəfərdən ibarət ailələrin sayının çoxalmasıdır. Hazırda ölkədə 7,5 milyon birnəfərlik ailə var ki, bu da ümumi ailə sayının 34,5 faizini təşkil edir.

Ekspertlər Cənubi Koreyada əhalinin sayının 2070-ci ilə qədər 38 milyon nəfərə enəcəyini proqnozlaşdırıblar. Həmin ilədək 65 yaşdan yuxarı koreyalılar ölkə əhalisinin 45 faizini təşkil edəcək. BMT-nin rəyinə əsasən, yaşı 65-dən yuxarı olanların sayı ümumi əhalinin sayının 14 faizindən çoxunu təşkil edərsə, həmin cəmiyyət “yaşlı cəmiyyət”, bu rəqəm 20 faizdən çox olarsa “super yaşlı cəmiyyət” kimi xarakterizə olunur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər