Cənubi Koreyada mobil internet pulsuz oldu

Cənubi Koreyanın Elm Nazirliyi əhaliyə pulsuz mobil internet təqdim ediləcəyini açıqlayıb. Bildirilir ki, əsas trafik limiti bitdikdən sonra 7 milyondan çox abunəçi 400 Kbit/s sürətlə limitsiz internetə çıxış əldə edəcək. Proqrama “SK Telecom”, “KT Corporation” və “LG Uplus” şirkətləri qoşulub.

Mesajda deyilir ki, onlayn xidmətlər artıq vətəndaşların əsas ehtiyacına çevrilib. Əlavə səbəb kimi son vaxtlar operatorlarla bağlı qalmaqallar göstərilir: “SK Telecom”da məlumat sızması, “LG Uplus”da 3 TB həcmində məlumat itkisi və “KT Corporation”nın təhlükəsizlik zəifliklərinə görə tənqid olunması.

“İctimai rifaha töhfə vermək, məsələn, bütün vətəndaşlara telekommunikasiya üzrə əsas hüquqların təmin edilməsi son dərəcə vacibdir. Eyni zamanda, əsas rolu süni intellekt texnologiyalarının oynayacağı gələcəyə aktiv şəkildə sərmayə qoymaq lazımdır”, — deyə nazirlik əlavə edib.

Operatorlar həmçinin daha ucuz 5G tariflərini (20 min vona qədər), yaşlılar üçün genişləndirilmiş paketləri təqdim edəcək və qatarlarda Wi-Fi xidmətini yaxşılaşdıracaqlar. Hakimiyyət isə öz növbəsində süni intellekt üçün şəbəkə texnologiyalarının tədqiqatını dəstəkləyəcək.

Son xəbərlər
Digər xəbərlər