9 C
Baku
Wednesday, March 4, 2026

Cənubi Koreyanın fond bazarı 2008-ci ildən bəri ən güclü enişi yaşayıb

Cənubi Koreyanın fond bazarı investorlar arasında yaranan panika fonunda 2008-ci ildən bəri ən kəskin enişini qeydə alıb. Bloomberg ticarət məlumatlarına istinadən yazır ki, ölkənin əsas birja indeksi olan Kospi martın 4-də ticarətin bağlanışı zamanı 12,1% ucuzlaşaraq 5093,54 bəndə düşüb. Gün ərzində maksimal eniş 12,6% təşkil edib. Güclü satış dalğası səbəbindən ticarət 20 dəqiqəlik dayandırılıb.

Bloomberg qeyd edir ki, enişə əsas töhfəni əvvəllər Cənubi Koreya bazarının sürətli yüksəlişinə səbəb olmuş ağırçəkili səhmlər verib. Samsung Electronics-in səhmləri 11,7%, SK Hynix-in kotirovkaları 9,6%, Hyundai Motor-un səhmləri isə 15,8% ucuzlaşıb. Bununla yanaşı, neft və qaz təchizatçıları əksinə, ciddi artım göstərib. Daesung Energy-nin səhmləri 30%, sürtkü materialları istehsalçısı Kukdong Oil & Chemicals-in səhmləri 29,8%, neft-kimya məhsulları istehsalçısı Korea Petroleum Industries-in səhmləri isə 29,8% bahalaşıb.

Bu, Cənubi Koreya bazarı üçün ikinci kəskin eniş günüdür: martın 3-də Kospi 7,3% itirmişdi. Eniş ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat və bunun nəticəsində münaqişənin bütün Yaxın Şərqə yayılması ilə əlaqələndirilir. Hörmüz boğazının bloklanması fonunda Brent markalı neftin qiyməti pik nöqtədə bir barel üçün 85 dollara yüksəlib. Cənubi Koreya dünyada neft istehlakına görə səkkizinci yerdədir və qiymət artımı inflyasiya riskini gücləndirərək idxalçılara təzyiq göstərir. Bu şəraitdə investorlar Cənubi Koreya səhmlərində şişmiş mövqelərə yenidən baxırlar.

Morningstar-ın Asiya üzrə səhmlərin analizi şöbəsinin direktoru Loren Tan bildirib ki, Kospi-də eniş ümumilikdə ayrı-ayrı səhmlərdə yüksək konsentrasiya ilə izah olunur. Analitik şirkətin məlumatına görə, Samsung və SK Hynix indeksin təxminən 50%-ni təşkil edir. Billionfold Asset Management şirkətinin baş icraçı direktoru An Hencjin isə qeyd edib ki, hazırda Cənubi Koreya bazarında hərəkətlər həddindən artıq kəskindir və gələcək dinamikanı proqnozlaşdırmaq demək olar ki, mümkün deyil.

Çöküşdən əvvəl Kospi 2026-cı ilin əvvəlindən fevralın sonundakı pik səviyyələrə qədər təxminən 50% artmışdı. Lakin indi impuls sürətlə zəifləyir və itkiləri kredit çiyni ilə açılmış mövqelərin məcburi bağlanması daha da artırır. Zian Investment Management şirkətinin rəhbəri Kim Dodecun sözlərinə görə, xüsusilə ağırçəkili səhmlərdə çoxlu belə alışlar olub və investorlar yalnız 30-40% marja təminatı qoyublar. Onun fikrincə, martın 5-də eniş davam edərsə, heç kim “düşən bıçağı tutmağa” çalışmayacaq. Bununla belə, hazırkı enişə baxmayaraq, Kospi ilin əvvəlindən hələ də 23% artım göstərir.

Cənubi Koreyanın ardınca martın 4-də digər Asiya fond bazarları da ciddi eniş yaşayıb. MSCI Asia Pacific indeksi 4,5% azalıb. Honq-Konqun Hang Seng indeksi 3,1%, materik Çinin CSI 300 indeksi 1,1%, Yaponiyanın Nikkei 225 indeksi 3,6% geriləyib. Taylandda isə SET indeksi 8,5% çökmə qeydə alıb.

Son xəbərlər
Digər xəbərlər