14 C
Baku
Saturday, November 16, 2024

Cənubi Qafqaz Boru Kəməri ilə qaz nəqli 22%-dən çox artıb

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın Cənubi Qafqaz Boru Kəməri (CQBK)  vasitəsilə qaz nəqli 22.3% artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatına əsasən, cari ilin birinci yarımilində Azərbaycan (CQBK) vasitəsilə 10 235.6 milyon kub-metr qaz nəql edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 8 368.5 milyon kub-metr təşkil edib.

Məlumat üçün bildirək ki, CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib. Boru kəmərinin uzunluğu 691 km-dir, bunun 443 kilometri Azərbaycanda, 248 kilometri Gürcüstandadır. Diametri isə 42 düymdür.

Bütövlüklə boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBK Ko) cavabdeh olub. 20 mart 2020-ci il tarixindən etibarən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki istismarı BP Exploration (Şahdəniz) Məhdud Məsuliyyətli Cəmiyyətdən ARDNŞ-ın tamhüquqlu bir törəməsi olan SOCAR Midstream Operations Limited-ə verilib.

Son xəbərlər
Digər xəbərlər