Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Azərbaycan hissəsində yerləşən strateji əhəmiyyətli Ərsin Buraxma Stansiyası zəruri peyk interneti rabitəsi ilə təmin olunub.
“SOCAR Midstream Operations”dan verilən məlumata görə, bununla bağlı CQBK-nın operatoru olan “SOCAR Midstream Operations” şirkəti ilə Azərkosmos arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Stansiya ənənəvi rabitə vasitələrinin əhatə dairəsi xaricində yerləşir. Peyk internetindən istifadə ucqar ərazilərlə əlaqəni gücləndirməklə CQBK-nın texniki operatorluğunun keyfiyyətini daha da yaxşılaşdırıb.
İnternet xidmətləri “Azerspace-1” peykinin “Azconnexus” platforması vasitəsilə göstərilir. “Azconnexus” platforması Azərkosmosun operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki üzərindən fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli internet xidməti təqdim edir. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növlərindən faydalanmağa imkan verir.