Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) operatorluğunun BP Exploration (Shah Deniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi avqustun 1-də başa çatıb.
Banker.az xəbər verir ki, bu barədə “SOCAR”dan məlumat verilib.
Bildirilib ki, Cənubi Qafqaz Boru Kəməri təbii qazın Azərbaycandan Gürcüstan ərazisi üzərindən Türkiyə və Avropaya ixracı üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin dörd seqmentindən biridir.
Qeyd edək ki, Texniki operatorluğun ötürülməsi 2013-cü ilin dekabrında imzalanmış CQBK sahibləri arasında sazişin yenilənmiş variantında nəzərdə tutulmuşdu. Saziş CQBK-nin genişləndirilməsi layihəsi başa çatdıqdan bir il sonra SOCAR-a boru kəmərinin texniki operatorluğunu öz üzərinə götürmək hüququ verib. Kəmərin genişləndirilməsi üzrə tikinti işləri 2019-cu ilin martında başa çatıb. 2020-ci ilin martında isə SOCAR Midstream Operations Limited razılaşdırılmış keçid dövründə rəsmən CQBK-nin texniki operatoru olub. 2020-ci ilin martında başlayan keçid prosesi 2021-ci ilin iyulunda müvəffəqiyyətlə başa çatıb.