14 C
Baku
Saturday, November 16, 2024

Cənubi Qafqaz Boru Kəmərinin ötürmə gücü 10 mlrd. kubmetr artırıla bilər

Gələcəkdə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) illik ötürmə gücü 34 mlrd. kubmetrə çatdırıla bilər, bu da kəmərin indiki ötürmə gücü ilə müqayisədə 10 mlrd. kubmetrə yaxın çoxdur.

Bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gaz” neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.

Məlumata görə, hazırda kəmərin illik ötürmə gücü 24,04 mlrd. kubmetr təşkil edir.

Qeyd edək ki, CQBK 691 km uzunluq (Azərbaycan ərazisində – 443 km, Gürcüstan ərazisində – 248 km) və 42 düym diametr ölçüsündə olan boru kəməridir. Boru kəməri “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilib. Türkiyə sərhədinə ilk qaz 2006-cı ildə çatdırılıb. Ətraf mühitə minimal təsir göstərmək məqsədilə CQBK Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə eyni dəhliz boyu inşa edilib. Boru kəmərinin ilkin nəql qabiliyyəti illik 7,4 mlrd. kubmetr təşkil edib.

Xatırladmaq lazımdır ki, “Cənub Qaz Dəhlizi”nin ikinci seqmenti olaraq “CQBK-nın genişləndirilməsi” (CQBKG) layihəsi həyata keçirilib. Bu layihə Azərbaycan və Gürcüstan ərazilərindən keçən yeni 48 düym diametrli boru kəmərinin, həmçinin Gürcüstan ərazisində 2 yeni kompressor stansiyasının inşasını əhatə edir. Yeni boru kəmərinin uzunluğu təqribən 489 km təşkil edir (Azərbaycan ərazisində – 424 km, Gürcüstan ərazisində – 63 km, TANAP arabağlantısında – 2 km). Boru kəməri 30 iyun 2018-ci il tarixində fəaliyyətə başlayıb.

Genişləndirmə nəticəsində boru kəmərinin ötürmə qabiliyyəti əlavə 16 milyard m³ artırılaraq, ümumilikdə, 24,04 milyard m³ səviyyəsinə çatdırılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər