Cənubi Sudan BMT-nin ona qarşı tətbiq etdiyi silah embarqosunun ləğv edilməsinə dair çağırış edib.
Bu barədə Cənubi Sudan Prezidenti Salva Kiir Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı bildirib.
“Gələn il ölkədə baş tutacaq seçkiləri təhlükəsiz şəkildə keçirməyin mümkün olması məqsədilə BMT-ni silah embarqosunu ləğv etməyə çağırırıq”, – o deyib. Kiirin fikrincə, Cənubi Sudana beynəlxalq silah embarqosu qarşıdan gələn plebisit zamanı sakitliyi təmin etməli olan təhlükəsizlik qüvvələrinin effektiv fəaliyyətinə mane olur. Prezidentin qeyd edib ki, 2018-ci ildə sülh sazişini imzalayan ölkə hakimiyyəti keçid dövrünü 2024-cü ildə keçirilməsi nəzərdə tutulan ümumi seçkilər vasitəsilə başa çatdırmaq niyyətindədir.
Kiir həmçinin bildirib ki, təhsil BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sürətlə nail olmaq üçün açardır. Bununla bağlı o, ölkəsində bütün pillələrdə, o cümlədən ali təhsildə pulsuz təhsil haqqında qanunun qəbul edildiyini diqqətə çatdırıb. “Bu, Cənubi Sudanda qızlar da daxil olmaqla, 2,3 milyon uşağın həqiqətən təhsil almaq imkanı əldə etməsinə imkan yaradıb”, – dövlət başçısı vurğulayıb.
Bundan əlavə, Cənubi Sudan prezidenti qeyd edib ki, 2023-cü ilin aprelində qonşu Sudanda silahlı münaqişə başlayandan bəri ölkəsinə minlərlə qaçqın gəlib. “Bu, humanitar böhranın başladığı sərhəd bölgələrimiz üçün bir sınaq oldu”, – Kiir deyib. O, beynəlxalq ictimaiyyəti münaqişə nəticəsində Cənubi Sudana keçməli olan qaçqınlara kifayət qədər və davamlı yardım göstərməyə çağırıb.