7 C
Baku
Thursday, December 12, 2024

“Cəsarət, təvazökarlıq və intizam”: Marşal Qldsmit liderliyin mahiyyəti haqda

Gənc müdirlərə məsləhətlər

Liderliyin təbiəti

— Kimi lider adlandırmaq olar?

Liderlik digər insanlarla qarşılıqlı əlaqədə olmaq bacarığıdır. Burada əsas söz “digər”dir. Yaxşı icraçı şəxsi nailiyyətləri üçün çalışır. Liderin vəzifəsi isə digərlərinin də nailiyyətləri ilə öyünməsini təmin etməkdən ibarətdir.

— Lider olmaq üçün özündə hansı xüsusiyyətləri tərbiyə etmək lazımdır?

Mən üç əsas xüsusiyyəti qeyd edərdim. Birincisi, cəsarətdir. Güzgüyə baxıb daha yaxşı olmaq lazım olduğunu dərk etmək üçün kifayət qədər cəsarət lazımdır. İkincisi, təvazökarlıqdır. Özünə və digər insanlara sizdən bir şəkildə üstün olduqlarını etiraf etməyi bacarmaq lazımdır. Və üçüncüsü, intizamdır. Yalnız intizamlı insan öz üzərində işləyə bilər.  

— Lider necə olurlar?

İlk dəfə öz işlərini açan və ya sadəcə komandanın başında dayanan insanlar özlərində dəyişiklik etməli və güclü icraçılardan liderə çevrilməli, “mən”dən “biz”ə meyillənməlidirlər.

Yaxşı icraçı da məqsədlərinə çatır, lakin o bunu tək edir. Lider ilə icraçının fərqi də elə bundadır. Xüsusilə yaxınlarda vəzifədə yüksəlmiş insanlara məhz bunu dərk etmək çətin olur.

— Yaş məhdudiyyətləri haqda

Yoxdur. Hətta yeniyetmə effektli lider ola bilər.

 

Komanda işi haqda

— Yeni komandanın etibarını necə qazanmaq olar?

 

Ən vacibi etibarın zamanla əldə olunduğunu anlamaqdır. Siz komandanızı tanımalısınız, komandanız isə sizi. Dinləməyi öyrənmək və keyfiyyətli əks əlaqə qurmaq üçün vaxt lazımdır. Yeni insanların etibarını qazandığınız zaman, yerinə yetirə bilməyəcəyiniz vədləri verməmək çox önəmlidir.

— Nə üçün sizdən güclü insanları işə götürmək vacibdir?

Siz hər hansı istiqaməti bilavasitə cavabdeh olan əməkdaşdan daha çox bilirsinizsə, düz adamı işə götürməmisiniz. Məsələn, mən tez-tez CEO ilə işləyirəm. CEO marketinq haqda marketoloqdan, maliyyə haqda maliyyə direktorundan, tədqiqatlar haqda analitikdən çox bilirsə, o pis komanda yığıb.

 

Siz orta xüsusiyyətlərə malik insanları işə qəbul edirsinizsə, orta komanda yığacaqsınız. Ən yaxşı komanda qurmaq istəyirsiniz? Ən yaxşı insanları işə götürün. Lakin lider üstünlüyünü nümayiş etdirmək istəyirsə, ən yaxşıları komandanı tərk edəcək. Güclü işçilərdən qorxan, rəhbərlik etməsə yaxşıdır.

— Belə insanları necə idarə etmək olar?

Siz onlara daim nə edəcəklərini deyə bilməzsiniz. Onları dinləməli, onlardan öyrənməli, mübahisəli vəziyyətlərdə arbitr olmalısınız.

— İşçi yüksəlməyə hazırdır, lakin sizin bunun üçün vəsaitiniz yoxdur, onu işdə necə saxlamaq olar?

Bəzən bu mümkün deyil.

İşçiyə maksimum mümkün məsuliyyət sahəsi verin, nailiyyətlərini qeyd edin, hörmət göstərin. Heç vaxt onu aldatmayın. Dürüstlük ən yaxşı strategiyadır.

Lakin işçilər yenə də sizi tərk edəcək. Həyat belədir.

Şəxsi məqsədlərin müəyyən edilməsi

Siz yaşamaq istədiyiniz həyata əsaslanaraq şəxsi məqsədlər qoyursunuz.

İlk addım şəxsi vəzifənizi formalaşdırmaq olacaq. Məsələn, mənim vəzifəm uğurlu liderlərə daha uğurlu olmağa kömək etməkdən ibarətdir. Vəzifəni dərk etmək sizi arzu etdiyiniz həyat tərzinə aparacaq məqsədləri formalaşdırmağa kömək edir.

Müəyyən etdiyiniz məqsədlərə çatmaq üçün tələb olunacaq səyləri qiymətləndirin. Özünüzə sual verin, bu qiyməti ödəməyə hazırsınızmı? Sonra isə düşünün, məqsədlərə çatdıqdan sonra dünyanın sizə ödədiyi qiymətdən razı qalacaqsınızmı?

İnsanların əksəriyyəti nəyə nail olmaq istədikləri haqda düşünmür. Məqsədinizi dərk etmək üçün ən yaxşı üsul ölməmişdən əvvəl nə etmək istədiyinizi təsəvvür etməkdir. Düşünürəm ki, heç kim etmədikləri üçün təəssüf edərək ölmək istəməz.

Son xəbərlər
Digər xəbərlər