25 C
Baku
Friday, April 19, 2024

Çətin qərarları daha sürətli qəbul etməyin 7 yolu

İlk növbədə uğurlu qərar qəbul etmək üçün özünüzü hazır etməlisiniz. Ümumilikdə, bu proses üç mərhələdən keçir.

Özünüzə düşünmək üçün vaxt verin

Əlbəttə, buna vaxtınız yoxdur. Lakin əgər zamanın sizə təzyiq etdiyini hiss edirsinizsə, bu, tapşırıqların planlaşdırılmasını yenidən nəzərdən keçirməli olduğunuza işarə edən bir siqnaldır.

Paradoksal olaraq, qərarları daha sürətli qəbul etmək üçün əlavə vaxt xərcləməli olacaqsınız. Çünki qərar qəbuletmə düşündüyünüzdən daha çox diqqət tələb edən bir prosesdir.

Bəlkə kiçik qərarlar ətrafında düşünmək üçün cəmi 30 dəqiqə və ya bir saat vaxta ehtiyac olacaq. Daha ciddi və mürəkkəb olanlar üçün isə bir neçə saat və ya həftə sərf ediləcək. Qərar qəbuletməyə nə qədər vaxt xərclədiyinizdən asılı olmayaraq, onu təqvimdə qeyd etmək və qurduğunuz cədvələ riayət etmək vacibdir.

Necə bir qərar qəbul etməli olduğunuzu müəyyənləşdirin

Hər hansısa qərar qəbul etməzdən əvvəl etdiyiniz seçimin mahiyyətini başa düşməlisiniz. Məsələn, iş yerinizi dəyişdirməyi düşünürsünüzsə, bu qərar təkcə vəzifə öhdəliklərinizə deyil, eyni zamanda işə gedən yolun uzunluğuna, gələcək komandanıza, maaşınıza və digər faktorlara təsir göstərəcək. Qərarınıza təsir edəcək əsas amilləri müəyyənləşdirməklə bu və ya digər seçimdən məmnun olub-olmadığınızı (və niyə) başa düşəcəksiniz. Bəlkə də yeni iş təklifi cəlbedici səslənir, amma ora çatmaq üçün gündə iki saat vaxtınız gedəcək?

Bütün variantları nəzərdən keçirin

Seçiminizi “bəli” və ya “yox” sözləri ilə məhdudlaşdırmayın. Qərar verməzdən əvvəl bütün mümkün variantları nəzərdən keçirin – bəlkə dərhal nəzərə çarpmayan alternativlər tapacaqsınız. Eyni zamanda hər hansısa qərar qəbul etməli olub-olmadığınızı düşünün. Bəzən müdaxilə etmədən axın üzrə hərəkət etmək lazımdır.

Bunlar qərar verməyin əsas prinsipləridir. İndi isə seçiminizi daha sürətli etməyə kömək edəcək metodlara keçək. Qeyd edək ki, onların hər biri fərqli situasiyalara uyğun gəlir.

Prinsiplərinizə güvənin

Əgər həyatda izləməyə çalışdığınız hər hansı prinsipləriniz varsa, çətin qərarlar qəbul etmək daha asan olacaq. Məsələn, ailənizlə müəyyən qədər vaxt keçirmək istədiyinizi və ya aşmaq istəmədiyiniz kredit məbləğinin olduğunu bilirsiniz. Əzəmiyyət və ya böyük alış-verişlə bağlı qərar qəbul etdikdə, bu və ya digər seçimin prinsiplərinizə zidd olduğunu başa düşəcəksiniz.

Kənar insanlardan fikir alın

Bəzən həqiqətən kiminsə məsləhətinə ehtiyac duyuruq. Əgər əvvəllər heç vaxt görmədiyiniz bir işi yerinə yetirməyə hazırlaşırsınızsa, belə bir situasiyada olan bir insandan məsləhət istəmək məqsədəuyğundur. Lakin ehtiyatlı olun – eşitdiyiniz hər bir tövsiyəyə kor-koranə əməl etmək olmaz. Digər tərəfdən, başqa biri üçün əlverişli görünən seçim sizin üçün uyğun olmaya bilər. Əgər sizə tövsiyə olunan variantlar xoşunuza gəlmirsə, razılaşmaq və ya dözmək lazım deyil.

Qərarınızı tətbiq edin

Bəzi hallarda qərar verməzdən əvvəl seçdiyiniz variantı test etmək tələb olunur. Məsələn, əgər sizə işlə əlaqəli olaraq başqa bir şəhərə köçmək təklif olunursa, əvvəlcə ora gedib vəziyyəti qiymətləndirə bilərsiniz. Belə anlarda yeni təcrübə yaşayırsınız və sizə tanış olmayan mühitdə özünüzü nə qədər rahat hiss etdiyinizi yoxlayırsınız.

Özünüzü dinləyin

Müəyyən vaxtlarda qərar verə bilmirik, çünki beyin bir variantı rasional hesab edir. ürək isə digərinin doğru olacağını deyir. Bu halda ümidinizi nəyə bağladığınızı düşünün. Biz ən rasional məxluq deyilik, buna görə özünü dinləmək vacibdir.

Həyat çətin seçimlərlə doludur, ancaq buna çox vaxt xərcləməyə dəyməz. Qərarları tez, lakin düşüncəli şəkildə verməyi öyrənin ki, sonradan peşman olmayasınız.

Son xəbərlər
Digər xəbərlər