Taksi fəaliyyəti ilə bağlı qaydalar sərtləşdiriləcək.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, yeni qaydalar bu sahəyə nəzarəti gücləndirəcək. Onun sözlərinə görə, sürücünün buraxılış kartının olub-olmaması yol polisi əməkdaşları tərəfindən yoxlanılacaq. Ekspert qeyd edib ki, bu, sistem tam aktivləşəndən sonra mümkün olacaq.
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov “Xəzər Xəbər”ə bildirib ki, taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulması ilə bağlı cərimələr müəyyən edilib. İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 40 min manat məbləğində cərimə ediləcək. İstifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə isə vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər 20 min manat məbləğində cərimələnəcək.
Operatorların informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslərin 5 min manat, hüquqi şəxslərin 20 min manat məbləğində cərimə edilməsi nəzərdə tutulub.Mətbuat katibi əlvə edib ki, xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.
Hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək. (Xezerxeber.az)