3 C
Baku
Cümə, Yanvar 21, 2022

“C.Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi günü görmək arzusundayam”- İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibə verib.

BBC müxbiri: Prezident Əliyev, Sizə uzunmüddətli perspektivlə bağlı sual verə bilərəm? Cənubi Qafqazın gələcəyini necə görürsünüz? Buraya sülhün gəlməyini necə görürsünüz? Demək istəyirəm ki, Azərbaycanla Ermənistan arasında nə vaxtsa sülhün olacağı günü görürsünüzmü?

İlham Əliyev: Bəli, əgər mənim mövqeyimi soruşursunuzsa, düşünürəm ki, bu, mümkündür. Lakin bu, təkcə məndən asılı deyil. Bu, yalnız Ermənistan tərəfindən asılıdır. Müharibənin bu 40 günü ərzində mən dəfələrlə demişəm ki, Cənubi Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi günü görmək arzusundayam, necə ki, məsələn, biz yaxın strateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla edirik. Baxın, biz onlarla neçə layihə həyata keçirmişik, bizim əlaqələrimiz necə yaxındır. Bu əlaqələr tarixi irsə, praqmatizmə, maraqlarımızın balansına əsaslanır. Niyə Ermənistan təcrid olunub? İşğal səbəbindən. Əgər siz, məsələn, bizim enerji və nəqliyyat layihələrimizin xəritəsinə baxsanız görərsiniz ki, onlar Ermənistandan yan keçir. Bizim resurslarımızı beynəlxalq bazarlara nəql etməyimiz üçün ən qısa yol Ermənistandan keçir və biz 1990-cı illərdə bunu onlara təklif etmişik. Biz dedik – əraziləri boşaldın, gəlin, Ermənistan ərazisindən keçməklə Naxçıvan və sonra Türkiyəyə daxil olan kəmər tikək, onda biz bütün ölkələrin maraqlarını birləşdirərik, regionun bütün ölkələrini müəyyən mənada bir-birindən asılı edərik və bu, sülhün təminatı olar. Onlar dedilər – yox. Mən Minsk qrupu həmsədrləri vasitəsilə, – onlar bunu təsdiqləyə bilərlər, – dəfələrlə maliyyə yardımı, Dağlıq Qarabağda sosial proqramlar, büdcəmizdən maliyyələşmə təklif etmişəm, əgər onlar əraziləri boşaltsalar. Onlar deyiblər – yox. Mən Dağlıq Qarabağa muxtariyyət, dünyada mümkün olan ən yüksək muxtariyyət təklif etmişdim. Ermənistan dedi – yox. Onlar hər şeyə “yox” deyiblər. Beləliklə, indi baş verənlər onların günahıdır. Yeri gəlmişkən, onların Qarabağ klanı tərəfindən devrilmiş ilk prezidenti məqalə dərc etdirərək deyib ki, – bu, 1990-cı illərin ortalarında olub, – azərbaycanlılar indi bizə təklif etdiklərini bir daha təklif etməyəcəklər.

Son xəbərlər
Oxşar xəbərlər