22 C
Baku
Friday, September 27, 2024

Cahilin dostluğu düşmənin dostluğuna bərabərdir

Bir padşah ov etmək üçün ağ şahin saxlayırdı və onu çox sevərək qoruyurdu. Bir dəfə şahin uçur və çox yaşlı bir qadının daxmasının damına qonur. Qadın onu tutur və ona baxmağa başlayır. Şahinin dimdiyi onun gözünə əyri görünür və yaşlı qadın deyir: 

— Yazıq quş! Sən bu dimdiklə dəni necə dimdikləyirsən?

O bir qayçı götürür və şahinin dimdiyini yuxarı hissədən kəsir. Bundan sonra yuxarıdan və aşağıdan düzəldir və öz işinə heyranlıqla tamaşa eliyir:

— Bax bu yaxşı oldu, indi rahatlıqla dənləyə bilərsən.

Sonra yaşlı qadın onun caynaqlarına baxır və çox iti olduğunu düşünür.

— Ay, yazıq! – Necə olub ki, bu günə kimi heç kim sənin dırnaqlarını kəsməyib? Bu uzanmış caynaqlara görə heç ayaqda da dura bilmirsən.

Qadın cəld bir şəkildə onun caynaqlarını bütünlüklə kəsir. Yazıq qadın onu öz bildiyi kimi sevirdi və çalışırdı ki, şahini çatışmamazlıqlardan azad etsin.

Padşah şahininin uçub getdiyini və itdiyini eşidir. O onu tapmaq əmri verir və şahini tapana böyük məbləğdə mükafat təyin edir. Tezliklə padşahın sevimli şahini tapılır və onun hüzuruna gətirilir. Yaşlı qadının şahini necə sevdiyini, onun qayğısına necə qaldığını və bunun nəticəsində yazıq şahinin nə günə düşdüyünü deyirlər.

Padşah öz şahininə baxır, çox kədərlənir, lakin heç bir söz demir. O sadəcə şahini azadlığa buraxmağı əmr edir və bildirir ki, cahil insanın əlinə düşən hər kəsin başına bu cür hadisə gələ bilər.

Doğru deyiblər: düşmənin ağıllı şəkildə narahatlıq yaratması ilə cahil dostun qayğınıza qalması bir-birinə bərabərdir.

Son xəbərlər
Digər xəbərlər