Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Banker.az xəbər verir ki, İnsan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova qanunvericiliyin bu tələbini şərh edir.
Əmək Məcəlləsinin 10-1.3-cü maddəsində göstərilib ki, elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
Qanunvericiliyin tələbinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılan işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. Dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışmanın yaş həddinə çatdıqda işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilir.
Qeyd edək ki, Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən, müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 180 nömrəli Qərarı ilə “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları” təsdiq edilib. Həmin sənədə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır:
– Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə;
– Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə;
– İşlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması;
– Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması;
– Dövlət mükafatı laureatı olması;
– 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilmə.
Onu da qeyd edək ki, çalışmanın yaş həddinə görə əmək müqaviləsinə xitam verilməsi yalnız dövlət büdcəsindən maliyyələşən müəssisələrdə tətbiq edilir.