“The Washington Post” jurnaslisti Camalın qətlinə dair yeni nümunələr aşkar edilib

“The Washington Post” (WP) qəzetinin səudiyyəli jurnalisti Camal Kaşoqinin itkin düşməsinə dair Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında axtarışlar aparılıb.

Banker.az xarici mətbuata istinadla xəbər verir ki, istintaq qrupu konsulun iqamətgahında Kaşoqi olayına dair bəzi nümunələr aşkar edib.

Məlumata görə, ötən gün Baş Konsulluqda aparılan 9 saatlıq axtarışlar zamanı jurnalistin qətlinə dair tapılan dəlillərlə konsulun iqamətgahından götürülən nümunələr arasında uyğunluq mövcuddur.

Bundan əlavə, məhkəmə ABŞ təmsilçilərindən səudiyyəli jurnalistin qan nümələrini tələb edib.

ABŞ prezidenti Donald Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında Türkiyədə itkin düşən səudiyyəli jurnalist Camal Kaşoqinlə bağlı KİV nümayəndələrinin suallarını cavablandırıb.

“Anadolu” agentliyinə istinadən, Tramp səudiyyəli müxalif jurnalistin yoxa çıxmasına dair səs və videogörüntüləri Türkiyədən tələb etdiklərini bildirib.

Tramp “səs və videogörüntü olsa, təəccüblənərsiniz?” sualına “Xeyr”, – deyə cavab verib.

“Bunun olub-olmadığını əmin deyiləm. Mayk Pompeo geri döndükdən sonra ondan ətraflı məlumat alacağam” – Tramp vurğulayıb.

Xatırladaq ki, 2 oktyabrda “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və üzərindən 5 saat keçdikdən sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan etibarən neçə gündür Camalın yoxa çıxdığını deyib.

Qeyd edək ki, Camal Kaşoqi Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindəndir. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da məskunlaşıb. “The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən məqalələr yazırdı.