®Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci İllik Ümumi İclası çərçivəsində 5 min nərə balığı körpəsinin təbii yaşayış mühitinə buraxılması mərasimi keçirilib. Neftçalada baş tutan bu təşəbbüs Xəzər hövzəsində nəsli kəsilməkdə olan nərə balığı populyasiyasının bərpası məqsədilə həyata keçirilib.
Tədbirdə AZAL, AZANS və CANSO-nun nümayəndələri, həmçinin sammit iştirakçılarının ailə üzvləri iştirak ediblər. Qurumların birgə səyləri Xəzər dənizinin ekosisteminə uzunmüddətli müsbət təsir göstərməyə yönəlib. Həmçinin bu təşəbbüs onların yeni əməkdaşlığını, ətraf mühitə qayğısını və biomüxtəlifliyin qorunmasına sadiqliyini nümayiş etdirir.
Nərə balığı Xəzər dənizinin ekosistemində özünəməxsus yer tutur. O, həm də dünyanın ən çox sevilən təamlarından biri olan kürünün mənbəyidir.
Qeyd edək ki, Bakıda iyunun 11-dən 13-nə kimi Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci İllik Ümumi İclası keçirilib. Tədbirdə 80-dən çox ölkədən 300-ə yaxın mülki aviasiya üzrə rəhbər şəxs iştirak edib.
Ekoloji dayanıqlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarlar qəbul etmək, bilik mübadiləsi və məhsuldar dialoqlar aparmaq üçün hava hərəkəti idarə edilməsi sahəsinin dünya liderlərinin diqqətini cəlb etmək məqsədi daşıyıb.