CAR-da iki qardaş 3.6 mlrd. dollarlıq bitkoinlərlə itkin düşüblər

CAR-ın “Africrypt” kriptobirjasının qurucuları Amir və Raisa Kaci (Ameer və Raees Cajee) istifadəçilərin 3.6 milyard dollarlıq bitkoinləri ilə birlikdə itkin düşüblər.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, problemlər hələ aprel ayında başlayıb. Onda “Africrypt” fəaliyyətini dayandırdığını, rəhbərlik isə ticarət sisteminin sıradan çıxdığını açıqlayıb. Kriptobirja müştərilərdən məhkəməyə müraciət etməmələrini xahiş edib, çünki bu, “vəsaitlərin qaytarılması prosesini ləngidə bilər”.

Lakin bəzi investorlar bu açıqlamaya şübhə ilə yanaşıblar və “Hanekom Attorneys” hüquq firmasına müraciət ediblər. Məlum olub ki, “Africrypt” işçiləri iddia edilən “sıradan çıxma” hadisəsindən yeddi gün əvvəl  serverlərə giriş imkanını itiriblər.

Kaci qardaşları “Africrypt” kriptobirjasını 2019-cu ildə yaradıblar. Hal-hazırda onlar zənglərə cavab vermirlər, şirkətin rəsmi saytı isə işləmir. Firmanın fəaliyyətini həmçinin CAR-ın maliyyə tənzimləyicisi araşdırır. Buna baxmayaraq, rəsmi istintaqa başlaya bilmir, çünki CAR-da kriptoaktivlər maliyyə alətlərinə aid edilmir.

Xatırladaq ki, 2021-ci ilin aprel ayında Türkiyənin “Thodex” kriptobirjasının baş direktoru istifadəçilərin 2 milyard dollarlıq vəsaitlərini götürüb qaçıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.