6 C
Baku
Sunday, December 15, 2024

Cari ildə sığorta yığımlarının ÜDM-dəki payı 1 faizi ötəcək

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) daha bir ili geridə qoyur. Ötən hesabat ilində sığorta sektoru bir çox yeniliklərlə yadda qalıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev il ərzində sığorta bazarında əldə edilən nailiyyətlər, 2023-cü ilin sığorta sektoruna təsirləri, növbəti il üçün gözləntilərlə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.

– Yerli sığorta bazarı 2023-cü ili necə başa vurur? Cari ilin əvvəlində verilmiş proqnozlar əldə olunan nəticələrdə nə dərəcədə özünü doğrultdu?

– Tam əminliklə və qürur hissi ilə deyə bilərəm ki, yerli sığorta bazarı 2023-cü ildə də davamlı böyümə və dayanıqlı inkişaf tempini qoruyub saxlaya bildi. Bu böyümə və fundamental inkişafda sektora nəzarətedici orqan olan Azərbaycan Mərkəzi Bankı başda olmaqla sektorun bütün peşəkar iştirakçıları aktiv və məhsuldar rol oynadı. Böyümə və inkişaf tendensiyasını Mərkəzi Bank tərəfindən sektorla bağlı açıqlanmış icmal göstəricilərində daha aydın görə bilərik. Sığorta yığımları ilk dəfə 1 milyard manatı ötdü. Belə ki, bu günə olan və cari ilin yanvar-oktyabr aylarını əhatə edən sığorta icmalına görə, yerli sığorta bazarı 1 milyard 19 milyon 745 min manat sığorta yığımı təmin edə bilib ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 222.1 milyon manat çoxdur. Yəni yerli sığorta bazarı hesabat dövrü ərzində 28 faiz böyüyüb. Cari ilin 10 ayı ərzində baş vermiş sığorta hadisələrinə görə həyata keçirilmiş ödənişlərdə də artım qeydə alınıb. Belə ki, icmala görə, hesabat dövründə 455 milyon manat sığorta ödənişi edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 95.7 milyon manat çoxdur. Bura qədər olan cari nəticələr onu deməyə əsas verir ki, sığorta xidmətlərinə maraq və müraciət aktivliyi tədricən və mərhələli şəkildə formalaşmaqdadır ki, bu da sığortadan faydalananların sayında artım nəticəsi ilə özünü büruzə verir. Sevindirici haldır ki, cari ilin 10 aylıq hesabat dövründə qeydə alınmış böyümədə bütün sığorta növləri kompleks şəkildə aktiv rol oynayıb. Yığımlardakı payı daha böyük olan və bilavasitə hesabat dövrü üzrə ən çox müraciət olunan sığorta növləri Həyatın yaşam sığortası (98 milyon manat böyümə ilə), Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (44 milyon manat böyümə ilə), Daşınmaz əmlakın icbari sığortası (23 milyon manat böyümə ilə), Əmlakın yanğından və digər risklərdən sığortası (12.5 milyon manat böyümə ilə), İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (8 milyon manat böyümə ilə), Kasko (7.8 milyon manat böyümə ilə) və Könüllü tibbi sığorta (7.5 milyon manat böyümə ilə) növləri olub.

– 2023-cü il sektor üçün nə kimi islahatlarla yadda qaldı? Hansı yeniliklərlə sektorun inkişafına təkan verildi?

– İslahat tədbirləri 2023-cü ildə də davam etdirildi. Xüsusilə də Mərkəzi Bankın uğurlu tənzimləmə və nəzarət siyasəti, o cümlədən sektorun bütün peşəkar iştirakçılarının aktiv təşəbbüskarlığı bir çox ilklərə və yeniliklərə səbəb oldu. Cari ildə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün tam elektronlaşdırılması prosesi başa çatdı və artıq hər bir avtonəqliyyat vasitəsi sahibi, avto-icbari sığorta məhsulu satışı üzrə lisenziyaya malik istənilən qeyri-həyat sığorta şirkətinin rəsmi veb-saytına daxil olmaqla heç bir maneəsiz və vaxt itirmədən sığortalana bilir. Bu, sığorta xidmətlərinə əlçatanlığın təmin olunması yönündə həyata keçirilmiş əsaslı bir islahat olaraq yadda qaldı. Daşınmaz əmlak sığortası üzrə nəzarət mexanizmi yaradıldı Daha sonra, uzun zamandır həllini gözləyən böyük bir məsələnin sektor iştirakçıları tərəfindən yüksək peşəkarlıqla təşkilinə şahidlik etdik ki, bu da daşınmaz əmlakların sığortası ilə bağlı idi. Bildiyiniz kimi, bir müddət idi ki, Daşınmaz əmlakın icbari sığortası üzrə nəzarət mexanizminin olmaması bu növ üzrə penetrasiyanın yüksəlməsinə əsaslı maneələr yaradırdı. Bu maneə də məhz 2023-cü ildə aradan qaldırıldı. Belə ki, cari ilin iyunun 1-dən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron informasiya inteqrasiyası prosesi yekunlaşdı və həmin tarixdən etibarən Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə şəhadətnamələr kağız daşıyıcıdan elektron formaya keçirildi. Bununla da adıçəkilən sığorta növləri üzrə uzun zamandır gözlənilən nəzarət mexanizmi formalaşdırımış oldu. Sığorta maarifləndirməsi layihəsi davam etdiriləcək. Bildiyiniz kimi, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanıb. Müvafiq memoranduma əsasən, 2021-ci ildən etibarən ölkədə ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi layihəsinə start verilib. 3 illik strategiyanı özündə ehtiva edən layihənin ilk mərhələsində, yəni 2021-ci ildə əhalidə daha çox risk fərqindəliyinin formalaşdırılması, 2022-ci ildə isə əsasən, sığorta növlərinin təbliği başlıca mövzu istiqamətləri oldu. 2023-cü ildən geniş əhali qrupları müxtəlif kommunikasiya kanalları vasitəsilə sığortanın üstünlükləri və qazandırdığı dəyərlər barədə məlumatlandırıldılar. Layihə çərçivəsində işlərin 360° marketinq strategiyasına əsaslanmaqla təşkili layihənin geniş trayektoriyanı əhatə etməsinə və nəticələrin daha sürətli əldə edilməsinə zəmin yaratdı. Heç təsadüfi deyil ki, bu addımlar nəticəsində 2021-ci ildə sığorta bazarı 16 faiz, 2022-ci ildə isə 18 faiz böyüdü. Cari ilin 10 ayının nəticələrinə görə isə yerli bazarda 28 faiz böyümə qeydə alınıb. Əldə olunan bu uğurlu nəticələr layihənin növbəti illər ərzində də davam etdirilməsinin vacibliyini və məqsədəuyğunluğunu ortaya çıxarır. Çünki maarifləndirmədə davamlılıq başlıca amildir. Əgər daha böyük və dayanıqlı artımı hədəfləyiriksə maarifləndirmə işindən yorulmamalıyıq.

Cari ildə həyata keçirilən islahatlar bununla yekunlaşmır. İl ərzində həyata keçirilən islahatlar sığorta xidmətləri ilə yanaşı, həm də sektorda kadr potensialının möhkəmləndirilməsinə yönəlmişdi. Belə ki, sığortada vacib əhəmiyyət kəsb edən ən önəmli istiqamətlərdən biri aktuari peşəsidir. Bu gün sığorta sektoru inkişaf etmiş əksər ölkələrdə olduğu kimi Azərbaycanda da aktuari peşəsinə sahib olan kadrlara böyük ehtiyac var. Bu ehtiyac həm mövcud aktuarilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi, həm də yeni aktuarilərin yetişdirilməsi ilə bağlıdır. Belə ki, bununla əlaqədar olaraq, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyası nüfuzlu Türk Sığorta İnstitutu Vəqfi ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə “Aktuari İnkişaf Proqramı”nı həyata keçirir. Proqram çərçivəsində yetişdirilməkdə olan yeni aktuarilər növbəti mərhələdə sığorta şirkətlərində işlə təmin olunacaq və sektorun aktuarilərlə bağlı ehtiyacı təmin olunmuş olacaq. Bununla paralel olaraq, Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən ASA Tədris Mərkəzinin xətti ilə cari ildə sektorda həm kadrların peşəkarlığının artırılması, o cümlədən müxtəlif sığorta növləri üzrə akademik və nəzəri ixtisaslaşmanın təmin olunması məqsədilə 10-a yaxın təlim təşkil olunub.

Bundan əlavə, Azərbaycanda əhalinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası tərəfindən genişmiqyaslı intensiv əməkdaşlıq platforması formalaşdırılıb. Yeni əməkdaşlıq platforması bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud olan risklərə qarşı sığorta təminatının genişləndirilməsi, bu məqsədlə müştərilərə dəyər qazandıran sığorta məhsullarının birgə inkişaf etdirilməsini və müştərilərə təqdim edilməsini nəzərdə tutur. Bununla əlaqədar olaraq da cari ildə ASA ilə ABA arasında qarşılıqlı əməkdaşlıq təşkil olundu. Cari ildə qazandığımız daha bir uğur isə onunla bağlı oldu ki, Azərbaycanın sığorta sektoru dünyada ilk dəfə ölkəmizdə “Sığorta Festivalı”nın keçirilməsinə nail oldu. Festival, paytaxt Bakı şəhəri də daxil olmaqla respublikamızın 10 ən böyük şəhərində təşkil edildi və əhaliyə əyləncəli oyunlar, müsabiqələr və musiqili şou-proqramlar vasitəsilə sığorta maarifləndirməsi işi aparıldı. Bu, bizim üçün bir ilk idi və bu təcrübə bizə göstərdi ki, bu kimi festivallar əhalinin maariflənməsi və bilgilənməsi baxımından yüksək effektivliyə malikdir. 2024-cü ildə Azərbaycan beynəlxalq sığorta forumu keçiriləcək. Bildiyiniz kimi, 2020-ci ilə qədər hər il Azərbaycanda beynəlxalq sığorta forumu təşkil olunurdu. Lakin 2020-ci ildən bütün dünyanı öz cənginə alan COVID-19 pandemiyası bir çox layihələrdə olduğu kimi bu forumun da müvəqqəti dayanmasına səbəb oldu. Lakin biz 2024-cü ildə ölkəmizdə beynəlxalq sığorta forumu ənənəsini yenidən bərpa edəcəyik. Bu forumda yerli sığortaçılarımızın dünya sığorta bazarları ilə birbaşa kommunikasiyası güclənəcək və ələlxüsus dünya sığortaçıları sektorumuzla yaxından tanış olmuş olacaqlar.

– Sığorta bazarının beynəlxalq əlaqələri istiqamətində nə kimi yeniliklər qeydə alındı?

– Hər bir sahədə olduğu kimi sığorta sektorunda da beynəlxalq əlaqələrin doğru formalaşdırılması və dünya trendlərinin mütəmadi olaraq izlənməsi inkişafı dəstəkləyən başlıca amillərdəndir. Bu istiqamətdə Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq hələ 2020-ci ildən qurmuş olduğumuz beynəlxalq əlaqələri bu gün də uğurla davam etdiririk. Türk Dünyası Sığorta Birliyi TDT-nin himayəsinə daxil ediləcək. Bildiyiniz kimi, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi (TSB) arasında 2020-ci ilin noyabr ayının 24-ü ilk dəfə rəsmi olaraq qarşılıqlı əməkdaşlıq əlaqələri quruldu. Bu əlaqələr növbəti illərdə də sürətlə inkişaf etdi və məhz ASA ilə TSB-nin birgə təşəbbüsü və ortaq razılığı ilə 2022-ci ilin 24 may tarixində Türkiyənin İstanbul şəhərində keçirilən sığorta zirvəsi toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığorta birliklərinin rəhbərlərinin iştirakı ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyi təsis edildi. Elə həmin il tərəfimizdən Birliyin Yol xəritəsi hazırlandı və üzv ölkələrlə razılaşdırıldı. Sevindirici haldır ki, məhz bundan sonra 2023-cü ildə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən assosiasiyamıza, habelə digər üzv ölkələrə müraciət ünvanlanaraq Türk Dünyası Sığorta Birliyinin növbəti mərhələdə TDT-nin himayəsinə daxil edilməsi təklif olundu. Bununla əlaqədar olaraq, ASA-nın bilavasitə nəzarəti ilə üzv ölkələrdə rəsmi prosedurun icrası realizə olunmağa başlandı və proses bu gün də davam edir. Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatı üzv ölkələrdən əlavə, həm də müşahidəçi ölkələrdən ibarətdir. Məhz bu məqsədlə ASA-nın təşəbbüsü ilə TDT-nin müşahidəçi ölkələrinin sığorta birliklərinin Türk Dünyası Sığorta Birliyinə müşahidəçi təşkilatlar olaraq cəlb olunması ideyası təklif olunub və bu istiqamətdə addımlar atılmağa başlandı. Hesab edirəm ki, artıq 2024-cü ilin birinci yarısına qədər biz Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının sığorta birliklərini Türk Dünyası Sığorta Birliyinə müşahidəçi təşkilatlar olaraq cəlb edəcəyik. Məlumdur ki, ASA həm də Ümumrusiya Sığortaçılar İttifaqı ilə də qarşılıqlı əməkdaşlıq edir. Assosiasiyasımızın həm Türkiyə, həm də Rusiya ilə qurduğu əməkdaşlıq çərçivəsində cari ildə yerli sığortaçılar hər iki ölkəyə işgüzar səfərlər edərək o ölkələrin sığortada zərərlərin vahid sistem üzərində tənzimlənməsi və qiymətləndirilməsi təcrübəsini öyrənmişlər.

– Cari ilin sonuna olan proqnozlarınız və 2024-cü ildən gözləntiləriniz nələrdir?

– 2023-cü ili sektorda uğur və böyümə kimi müsbət məqamlarla başa vururuq. Cari ildə sığorta bazarının təmin edəcəyi ümumi yığımla bağlı proqnozumuz o yöndədir ki, bu il yerli sığorta bazarında qeydə alınacaq böyümə 28 faizdən çox ola bilər. Bununla da sığorta yığımlarının ÜDM-dəki payı 1 faizi ötəcək. İstər yığımların 1 milyard manatdan yüksək olması faktı, istərsə də ÜDM-dəki payımızın 1 faizi ötməsi milli sığorta tariximizdə qürurverici bir ilkdir. 2020-ci ildən təmin edilən, növbəti illərdə də bir tendensiya kimi davam etdirilən, cari ildə də daha böyük nəticələrlə müşahidə edilən böyümə trendinin 2024-cü ildə də qeydə alınacağını əminliklə proqnozlaşdırmaq istəyirəm.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər