Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 2026-cı ilin yanvar ayında 18 milyon 299.8 min ton təşkil edib və 2025-ci ilin yanvar ayı ilə müqayisədə 0.4% azalıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, öncəki ilin eyni ayında 18 milyon 366.5 min ton idi.
Dəmir yolu ilə daşınmalar 1 milyon 225.6 min ton olub və illik müqayisədə 18.9% azalıb. 2025-ci ilin yanvarında 1 511.8 min ton idi. Dəniz nəqliyyatı üzrə yük daşımaları 658.8 min ton təşkil edib və 20.1% azalma qeydə alınıb. Öncəki ilin eyni dövründə 824.1 min ton idi. Hava nəqliyyatı ilə daşınmalar 24.2 min ton olub və 28.2% azalıb. Keçən ilin eyni dövründə 33.7 min ton olmuşdu.
Boru kəməri ilə daşınmalar 5 milyon 596.5 min ton təşkil edib və 3.1% azalıb. Bu istiqamətdə neft kəməri ilə nəql 2 milyon 731.4 min ton olub və 14.9% azalma göstərib, qaz kəməri ilə daşınmalar isə 2 milyon 865.1 min ton təşkil edib və 11.7% artıb.
Avtomobil nəqliyyatı ilə yük daşımaları 10 milyon 794.7 min ton olub və 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5.6% artıb. Öncəki ilin analoji dövründə 10 milyon 222.3 min ton idi.





