Cari vergi hesablamaları ya vergi ödəyicisi tərəfindən, ya da vergi orqanı tərəfindən hesablanaraq şəxsi hesab vərəqəsinə işlənir. Bu zaman ortaya çıxan nüanslarla bağlı üçün mühasibat mütəxəssisi Orxan İsgəndərov açıqlama verib.
Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
Həmin maddədə göstərilən metod ilə cari hesablamalar əvvəlki ilin vergi məbləğinin 25 faizi miqdarında hər rüb eyni qaydada şəxsi hesab vərəqəsinə işlənir və borc bildirişi göndərilir. Borc şəxsi hesab vərəqəsinə işləndikdən sonrakı gündən gec ödənilərsə, Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən, ödənilməyən hər gün üçün 0,1 faiz cərimə hesablanacaq.
Vergi Məcəlləsinin 151.5-ci maddəsində göstərilən metod ilə vergi orqanının cari vergi hesablamalarını aparma qaydası isə fərqlidir. Belə ki, Məcəllənin 151.5.8-ci maddəsinə əsasən, arayışı vaxtında göndərmədikdə vergi məbləği Məcəllənin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar əsasında hesablayır. Belə bir hesablamadan sonra arayışın göndərilməli olduğu vaxtdan vergi orqanının hesablama apardığı vaxta qədər hər ötmüş gün üçün 0.1 faiz cərimə hesablanaraq şəxsi hesab vərəqəsinə işlənəcək.
Misal: Əvvəllər mənfəət vergisi ödəyicisi olmayan “AA” MMC 1-ci rüb üzrə 151.5 metodu ilə cari vergi ödəmələri üçün arayış göndərməli idi. Müəssisənin rüb ərzində gəlirləri 1.000 manat olub, xərcləri isə olmayıb. Vergi orqanı 1 sentyabr 2022-ci ildə, Vergi Məcəlləsinin 151.5.8-ci və 67-ci maddələrinə əsasən, əlaqəli məlumatlar əsasında 200 manat vergi və hər ötmüş gün üçün 0,1 faiz cərimə hesablayaraq şəxsi hesab vərəqəsinə işləyib.