11 C
Baku
Monday, November 25, 2024

“Carlsberg” 2025-ci ilin sonunadək Azərbaycanda istehsalın inkişafına ₼25 mln. sərmayə qoyacaq

Danimarkanın “Carlsberg Group” pivə korporasiyası Azərbaycanda istehsalın təşkilinə və inkişafına ümumilikdə 65 milyon manat sərmayə qoyub və 2025-ci ilin sonunadək daha 25 milyon manat vəsait yatıracaq. Bunu “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Alius Antulis deyib.

“Bu gün “Carlsberg Azerbaijan” şirkətinin ölkə iqtisadiyyatına investisiyaları 65 milyon manat təşkil edib. 2025-ci ilin sonuna qədər istehsalın lokallaşdırılmasına əlavə 25 milyon manat vəsait yatırılacaq”, – deyə o bildirib.

Baş direktorun sözlərinə görə, İmişlidə yeni arpa emalı zavodunun tikintisi (“Azərşəkər” MMC tərəfindən – İF) “Carlsberg Azerbaijan”ın xammala tələbatının tam ödənilməsinə imkan verəcək. “Bu, bizə məhsul istehsalını lokallaşdırmağa və ixracı təmin etməyə imkan verəcək”, – deyə Antulis qeyd edib.

O əlavə edib ki, “Carlsberg Azerbaijan” hər il dövlət büdcəsinə 35-38 milyon manat məbləğində vergi ödəyir.

Baş direktor qeyd edib ki, yerli bazarda şirkətin payı təxminən 70% təşkil edir.

“Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə 250 nəfərə yaxın işçi çalışır. “Carlsberg Azerbaijan”ın portfelində “Xırdalan”, “Baltika”, “Əfsanə”, “Carlsberg”, “Kronenbourg 1664 Blanc”, “Seth&Riley`s Garage” və s. pivə brendləri var.

Son xəbərlər
Digər xəbərlər