“Cash – back” ifadəsi son dövrlərdə sosial şəbəkələrdə və bankların radio reklamlarında tez-tez gördüyümüz və eşitdiyimiz ifadələrdəndir. “Cash – back”-in işləmə mexanizmi ondan ibarətdir ki, plastik kartdan nağdsız formada istifadə edilən vəsaitin bir hissəsi karta geri qaytarılır. Sadə dillə izah versək bu Bankların öz gəlirlərinin bir hissəsinin müştərisinə geri qaytarılmasıdır.
Qaytarılan vəsaitin istifadə imkanından asılı olaraq bu mexanizmi 2 cür təsnifləşdirə bilərik:
Birincisi adi “cash-back”-dir və bizim fikrimizcə digərinə görə daha cəlbedici təklifdir. Belə ki, müştərinin kart hesabına qaytarılan vəsait adi nağd pul kimi əks olunur və həm nağd həm də nağdsız əməliyyatlar zamanı istifadə edilə bilər.
İkincisi isə qaytarılan vəsaitlərin kart hesabında “bonus” şəklində əkd olunmasıdır ki, bu mexanizmdə bonuslardan istifadə yalnız nağdsız formada və bankın partnyorlarında mümkündür.
Öncəki bazar araşdırmalarımızda, xüsusən taksit kartlar haqqında olan təhlillərdə “cash – back” və “bonus” imkanı olan kartlar haqqında danışmışdıq. Taksit və kredit kartlarında bu imkanı tətbiq edilməsi zamanı Bankın marağı onun müştəriyə ayırdığı kredit limitindən istifadəni stimullaşdırmaqdır. Bu zaman ödənilən “cash-back” və ya “bonus” müqabilində Bank kredit xəttindən istifadəyə görə müştəridən və ya partnyordan müəyyən faiz əldə edir. Lakin debet kartlarında bu imkanları tətbiq edən bankların addımları həqiqətən təqdirəlayiqdir, çünki bu zaman bank müştəridən heç bir faiz gəliri əldə etmir əksinə isə öz gəlirlərinin bir hissəsini müştəriləri ilə bölüşür.
Aşağıdakı cədvəldə Sizlərə öz debet kartlarında “Cash – back” / “Bonus” imkanlarını təqdim edən banklar haqqında məlumat təqdim edilmişdir. Bəzi banklarda bu imkan yalnız bir və ya bir neçə debet kart məhsuluna şamil edilsə də, bəzilərində kütləvi formada bütün debet kartlara şamil edilir. Həmçinin qeyd etmək istərdik ki, Banklar əsasən öz partnyorları olan ticarət obyektlərində “Cash – back” / “Bonus” faizini daha yüksək təyin edirlər, qeyri-partnyor ticarət obyektlərində bu faiz ya çox cüzidir ya da ümumiyyətlə yoxdur.
Bankın adı | Hansı kartlarda tətbiq edilir? | “Cash – back” yoxsa “Bonus”? | “Cash – back” / “Bonus” miqdarı | |
Partnyor | Qeyri – partnyor | |||
Bank of Baku | Bolkart Debet kartların bütün növləri | Bonus
(“Bal” şəklində) |
45%-dək | 0.3% – 0.5% |
Bank Respublika | Bütün Debet kartlar | Bonus
(“Pay” şəklində) |
20%-dək | Yoxdur |
YapıkrediBank | Pulkart | Bonus
(“Bal” şəklində) |
20%-dək | 0.25% |
Unibank | Bütün Debet kartlar | “Cash – back” | 30%-dək | 0.1% – 0.3% |
Express Bank | Bütün Debet Kartlar | “Cash – back” | 20%-dək | 0.3% |
AccessBank | Bütün Debet Kartlar | “Cash – back” | 12%-dək | Yoxdur |
Bir məqamı vurğulamaq istərdik ki, reklam məqsədilə banklar partnyor şəbəkələrində geri qaytardığı “Cash – back” / “Bonus” faizininin maksimum həddini qeyd edirlər. Lakin bankların saytlarında yerləşdirilən partnyorların siyahısına daxil olduqda hər bir partnyor üzrə nə qədər vəsaitin geri qaytarılması dəqiq qeyd olunub. Tövsiyyə edirik ki, müvafiq imkandan faydalanmaq üçün debet kart seçən zaman daha çox alış-veriş etdiyiniz partnyorlar və onlarda olan “Cash – back” / “Bonus” faizləri haqqında kiçik bir araşdırma apardıqdan sonra seçiminizi edəsiniz.
Misal üçün, cədvəldə qeyd olunanlara əsaslansaq partnyor müəssisələrdə ən çox qazanc gətirən Bank of Bakunun, ən az qazanc gətirən isə AccessBankın kartlarıdır. Lakin ola bilər ki, Sizin daha çox alış-veriş etdiyiniz partnyorlar AccessBankın kartları ilə daha çox gəlir qazandırsın.