16 C
Baku
Wednesday, April 17, 2024

“Caspian Energy Club” AZEBİ ilə memorandum imzalayıb

“Caspian Energy Club” təşkilatı Tbilisidə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) ilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında memorandum imzalayıb.

Banker.az xəbər verir ki, sənədə “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev və AZEBİ-nin icraçı direktoru Nəriman Qurbanov imza atıblar.

Bildirilib ki, iki təşkilat arasında bundan öncə də sıx əməkdaşlıq həyata keçirilib. Sənədin imzalanması ilə tərəflər arasında səmərəli və qarşılıqlı əməkdaşlıq inkişaf etdiriləcək.

T.Əliyev bildirib ki, memorandumun əsas məqsədi Azərbaycan və Gürcüstanın iş adamları arasında əməkdaşlığın qurulması və üçüncü ölkələrə birgə çıxışın əldə edilməsinə çalışmaqdır: “Azərbaycan və Gürcüstan arasında ticari-iqtisadi münasibətlər yüksək səviyyədədir. Pandemiyadan sonra bu münasibətlərin daha da fəallaşdırılmasına ciddi ehtiyac var. Müxtəlif biznes tədbirlərin təşkili ilə iki ölkənin şirkətləri arasında şəbəkələşmənin yaranmasına çalışacağıq”.

O, “Caspian Energy Club”ın dəstəyi ilə 30-dan artıq sahibkarın Gürcüstana səfərinin təşkil olunduğunu qeyd edib: “Səfər çərçivəsində “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədovla görüş keçirilib. Həmçinin AZEBİ, Avropa İttifaqı-Gürcüstan Biznes Şurası ilə yanaşı, Gürcü-Türk İş Adamları Dərnəyi (GÜRTİAD) ilə də memorandum imzalanacaq və Tbilisidəki “Hualing” azad sənaye zonasına baş çəkiləcək”.

N.Qurbanov öz növbəsində 12 il bundan əvvəl təsis edilmiş AZEBİ-nin əsas məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. Onun sözlərinə görə, təşkilatın əsas məqsədi Gürcüstan və Azərbaycan arasında ticarət və investisiyaların, o cümlədən üzv şirkətlərin dövlətlə, yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı vasitəsilə iş mühitinin inkişaf etdirilməsinə dəstək olmaqdan ibarətdir.

İcraçı direktor Gürcüstan və Azərbaycanın biznes dairələri arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə və bu əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağına əminlik ifadə edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər