“Cənab Prezident, əvvəla bizi qəbul etdiyiniz üçün çox sağ olun. İkincisi, mən Zati-alinizə Prezident Ruhaninin salamlarını çatdırıram. O, Sizə və Azərbaycan xalqına böyük hörmət bəsləyir. Biz administrasiyamızın dövründə Azərbaycanla münasibətlərin ən yaxşı dövrünü yaşadığımız üçün xoşbəxtik. Hakimiyyətdə olduğumuz dövr başa çatdığı bir vaxtda İranda hakimiyyətə gələcək növbəti administrasiya üçün qardaş ölkə olan Azərbaycanla mükəmməl münasibətləri miras qoyaraq getdiyimizə görə çox şadıq”.
Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
“Mən Sizi və Azərbaycan xalqını milli bayramınız münasibətilə əvvəlcədən təbrik etmək və Azərbaycana, bu regiona gətirməyə müvəffəq olduğunuz inkişafa dərindən heyran olduğumuzu ifadə etmək istəyirəm. Əməkdaşlığın səviyyəsi bizi məmnun edir və hesab edirik ki, Zati-alinizin, Prezident Ruhaninin və İran rəhbərliyinin ifadə etdiyi arzusuna çatmaq üçün biz hətta daha da artığını edə bilərik.
Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq.
Cənab Prezident, məni və nümayəndə heyətimi qəbul etdiyinizə, səmimi qonaqpərvərliyinizə görə bir daha çox sağ olun” – nazir əlavə edib.