“Twitter”in baş direktoru Cek Dorsi “Ethereum” kriptovalyutasına investisiya qoymaq niyyətində olmadığını açıqlayıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Belə ki, şirkət öz NFT tokenlərindən imtina edib.
NFT – “Ethereum” şəbəkəsi vasitəsilə yaradılan, internetdə sənət əsərləri, səs və ya video kontenti təmsil edən unikal rəqəmsal tokenlərdir.
Sosial şəbəkə platforması tokenlərini pulsuz paylayacağını bildirib. Qeyd edək ki, “Ethereum” əsasında token buraxmasına baxmayaraq, Dorsi bitkoinin maksimalisti sayılır.
Bu xəbərin ardından özünü “inkişafetdirici və sərmayəçi” adlandıran istifadəçi “packanimalETH” şəbəkədə bunların zaman məsələsi olduğunu yazıb, Cek Dorsi isə qətiyyətlə “Xeyr” cavabını verib.
Bu, Dorsinin yalnız bitkoinə sərmayə qoyduğunu açıqladığı ilk hal deyil. “Bütün digər sikkələr mənim üçün heç nədir”, – deyə Dorsi Mayamidə keçirilən konfransda söyləyib.
O, bitkoini “internetin ana pulu” etmək niyyətində olduğunu vurğulayıb və digər kriptovalyutalarla heç bir əlaqə qurmaq istəmədiyini əlavə edib.
Buna baxmayaraq, Dorsi ilk “tvitini” NFT şəklində 2.9 milyon dollara satıb. İş adamı bunu etməzdən əvvəl pullarını bitkoinə çevirdiyini qeyd edib.