Nəzarət-kassa aparatının çekində əks olunmalı məlumatlarda dəyişikliklər edilib.
Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Nəzarət-kassa aparatının çekində aşağıdakı məlumatların əks olması tələb olunur, əks halda bu çeki təqdim edən satıcının məsuliyyətə cəlb edilməsinə səbəb olmaqla yanaşı, ödənilmiş ƏDV-nin alıcıya qaytarılmasından imtinaya əsas verir:
– vergi ödəyicisinin adı;
– VÖEN;
– çekin vurulmasının tarixi və saatı;
– təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
– malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği);
– cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi;
– nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
– nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);
– malın sürətli məlumat kodu (Quick Response Code);
– ödənilmiş məbləğ;
– avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ;
– müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə);
– nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
– ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı);
– çekin növü (satış, geri qaytarma və ya ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş);
– nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
– geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
– nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
– yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.