Mərkəzi Avrasiya Liderlik Akademiyası (Central Eurasia Leadership Academy) 2012-ci ilin yay proqramında iştirak üçün ərizə qəbulu elan etmişdir.
CELA Proqramı, onun xüsusiyyətləri və üstünlükləri barədə proqramın Direktorlar Şurasının Azərbaycan üzrə təmsilçisi Nigar Məmmədova ilə söhbət etdik.
Nigar xanım, ilk öncə proqram haqqında məlumat vermənizi xahiş edirik.
– CELA Proqramı ilk dəfə 2002-ci ildə Mərkəzi Avrasiya regionunda hökumət, biznes və ictimai sahədə fəaliyyət göstərən və karyeralarının orta mərhələsində olan gənc professionalları bir araya gətirmək təşəbbüsü ilə yaradılmışdır. Mən CELA Proqramının Azərbaycanda ilk 5 məzunundan biriyəm. Hər il iyul ayının ikinci yarısında Türkiyənin İstanbul şəhərində yerləşən Koç Universitetində 9 ölkədən – 3 Qafqaz Respublikası, 5 Orta Asiya Respublikası və Əfqanıstan – seçilmiş gənc professionallar iki həftəyə yaxın bir müddətdə liderlik keyfiyyətlərinin artırılması üçün intensiv proqramdan keçirlər. Bu proqram çərçivəsində müxtəlif ölkə, status, fəaliyyət sahəsi və mədəniyyətlərdən olan insanların təcrübə və fikir mübadiləsinə xüsusi diqqət yetirilir. CELA məzunları proqramı “həyatımda iştiak etdiyim ən yaxşı proqram” və ya “mükəmməl insanların dinamik şəbəkəsi” kimi xarakterizə edirlər.
Dinamik şəbəkə dedikdə nə nəzərdə tutulur?
– CELA Proqramının ən böyük üstünlüklərindən biri məhz gənc professionallar arasında davamlı inkişaf edən regional şəbəkənin yaradılması və dəstəklənməsidir. Əslində proqramda iştirak sadəcə başlanğıcdır. Akademiyada intensiv təhsil və ünsiyyət başa çatdıqdan sonra hər bir məzun 25 ölkədən olan 800 şirkət rəhbəri, ictimai və dövlət xadimlərinin olduğu qlobal bir şəbəkənin qapılarını açmış olur. CELA onun partnyoru olan ABŞ-ın Society of International Business Fellows təşkilatına (SIBF – www.sibf.org) və yeni yaradılmış və 13 ərəb dövlətini əhatə edən analoji Orta Şərq Liderlik Akademiyasına (Middle East Leadership Academy– www.mid-east-academy.com) körpü rolunu oynayır. Üzvlərinin sayı ilbəil artan bu professionallar şəbəkəsinin imkanları olduqca genişdir. Belə ki, regional səviyyədə biznes tərəfdaşlığın qurulması, dövlət və ictimai sahədə çalışan məzunlar arasında ortaq layihələrin həyata keçirilməsi və ümumiyyətlə, istənilən sahədə şəbəkəyə daxil olan genişprofilli mütəxəssislərin dəstəyinin alınması mümkündür. Hər il yay akademiyasından əlavə iştiakçı ölkələrin birində seçilmiş müxtəlif mövzularda 3-4 günlük görüşlər keçirilir ki, bu da əlaqələrin möhkəmlənməsinə və yeni üzvlərlə inteqrasiya prosesinə dəstək olur.
Belə bir proqramda iştirak etmək üçün, yəqin ki, yüksək tələblər mövcuddur. Bu ilki seçim prosesi ilə bağlı məlumat vermənizi xahiş edirəm.
– Bu il hər bir iştirakçı ölkədən 4 nəfər olmaqla ümumilikdə 36 yüksək səviyyəli professional 17-27 iyul 2012 tarixlərində İstanbulda yerləşən Koç Universitetində keçiriləcək proqramda iştirak üçün seçiləcəkdir. Sənədlərin qəbulu üçün son tarix 31 yanvar, 2012 müəyyən olunmuşdur. CELA Proqramına müraciət edəcək şəxslər 28-42 yaş arasında olmaqla aşağıdakı ölkələrdən birinin vətəndaşı olmalı və onun ərazisində yaşamalıdırlar: Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Əfqanıstan. 2012-ci ilin proqramında biznes, hökumət, ictimai sfera və media sektorundan olan professionalların iştirakı hədəflənir. Biznes sektorundan və özəl sahibkar olan namizədlərin, o cümlədən qadın namizədlərin müraciəti xüsusi olaraq tövsiyə olunur.
Proqramda iştirakla bağlı bütün xərclər CELA Proqramı tərəfindən ödənilir. İştirakçılar tərəfindən yeganə olaraq 500 ABŞ dolları həcmində iştirak haqqının ödənilməsi tələb olunur. Proqramın işçi dili ingilis dilidir. Daha ətraflı məlumat, tədris proqramı və ərizə formasının əldə olunması üçün namizədlərin www.celaprogram.org saytını nəzərdən keçirmələri xahiş olunur.