Çexiyanın nəhəng banklarından biri olan Komerční Вanka Visa Europe və Worldline şirkətləri ilə əməkdaşlıq edərək ölkədə mobil bank ödənişləri üçün HCE texnologiyasından istifadə edən ilk bank olacaq.
Host Card Emulation (HCE) texnologiyası fiziki plastik daşıyıcı olmadan ödəniş kartları yaratmaq və kartın bütün məlumatlarını birbaşa smartfona yazmağa imkan verəcək. Beləliklə, xüsusi terminal vasitəsilə təmassız ödəniş həyata keçirmək mümkün olacaq.
İstifadəçi Google Play-dən Komerční Вanka bankının mobil bankinq tətbiqetməsini yükləməli, bu tətbiqetmədə kartın smartfona köçürülməsi ilə bağlı ərizəni doldurmalıdır. İstifadəçi həmin ərizənin nəzərdən keçirilməsindən sonra sözügedən xidmətdən istifadə edə bilər. Bankdan həmçinin verilən məlumata görə, müştəri xidmətin aktivləşdirilməsi üçün NFC funksiyalı yeni SIM-kart almağa məcbur deyil.
HCE texnologiyası istənilən təmassız ödəniş kimi işləyir və buna görə də, tranzaksiyanı Çexiyada olan əksər terminallar vasitəsilə həyata keçirmək mümkündür.