Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və AŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regionda cari vəziyyət müzakirə edilib.
Görüş zamanı Azərbaycan və AŞ arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğuna istinad olunaraq, bu xüsusda münasibətlərin inkişafında qəbul olunmuş Fəaliyyət Planlarının, o cümlədən 2022-2025-ci illər üzrə Fəaliyyət Planının vacibliyi diqqətə çatdırılıb. Milli qanunvericiliyin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılmasının, qanunun aliliyinin təmin olunması istiqamətində aparılmış çoxsaylı islahatların Azərbaycan və AŞ arasında mövcud əməkdaşlığın nəticələri olduğu qeyd edilib.
Nazir post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistan tərəfinin öhdəliklərindən boyun qaçıraraq, öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmamasının, yalnız humanitar məqsədlər üçün istifadə olunan Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin daşınması, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə maneə olduğu diqqətə çatdırılıb. Laçın yolu ətrafında Ermənistanın bu kimi qeyri-qanuni fəaliyyətlərinə etiraz edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasına kölgə salmaq və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan “humanitar böhran”, “blokada” iddialarının həqiqəti əks etdirmədiyi vurğulanıb.
AŞ Bakı ofisinin rəhbəri Petr Zix Azərbaycan və AŞ arasında əməkdaşlığın qarşılıqlı anlaşma və etimad əsasında uğurla davam etdiyini diqqətə çatdırıb. Petr Zix münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.